Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzeti Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsini elan edib. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.
Müsabiqənin məqsədi Heydər Əliyevin əsasını qoyduğu müasir vergi sistemi ilə bağlı yeniliklərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqə aşağıdakı mövzulardan ibarətdir:
1. Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti;
2. Vergi Partnyorluğu Sazişi: qarşılıqlı inam və etimad körpüsü;
3. Əmək müqaviləsi: gələcəyin təminatı.
Müsabiqəyə hər üç istiqamət üzrə təqdim edilmiş yazıların mükafatlandırması nəzərdə tutulur. Bundan əlavə, 10 ən yaxşı yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək. Qaliblər Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi diplomları ilə təltif olunacaq.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Yazıların qəbulu mayın 1-də başlayır, 31-də bitir. Müsabiqənin nəticələri 2014-cü iyunun 10-dək açıqlanacaq.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Mətbuat Şurasına şəxsən təqdim olunmalıdır.