Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə xüsusi olaraq 159 - 1 maddəsi əlavə olunur.
Yeni maddəyə əsasən, həbs edilmiş şəxsin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi qadağandır.
Həmçinin göstərilir ki, istintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda, hər gün aparılıb-gətirilməsi mümkün olmadıqda, həbs olunan şəxs 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs edilən şəxsin vəsatəti əsasında bu müddət məhkəmənin qərarı ilə məhkəmə icraatının sonuna qədər uzadıla bilər.
Maddədə o da qeyd olunur ki, həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti ilə bağlı onun istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məhkəmə baxışı zamanı tərəflərin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilməlidir.
Yeni maddədə o da göstərilir ki, həbs edilmiş şəxs istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirildikdə və geri qaytarıldıqda tibbi müayinədən keçirilməlidir.
Xatırladaq ki, bu layihəyə qədər hazırda həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi qanunvericilikdə xüsusi hal kimi göstərilməyib, yalnız müvafiq məhkəmələrin qərarı ilə həyata keçirilir.
Layihə Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.