Son zamanlar Yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz.
Çünki son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan Günəş enerjisinin həcminin artmadığını göstərir.
Lent.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin 23 mart - Ümümdünya Meteorologiya Günü ilə əlaqədar yaydığı məlumatda bildirilib.
Xəbərdə göstərilir ki, okeanlarda suyun istiləşməsi və buzlaqların əriməsinə səbəb olan temperatur yüksəlməsi atmosferdə uzunömürlü istixana qazlarının olması ilə əsaslandırılır.
Karbon qazının konsentrasiyasının artması və çoxömürlü istixana qazlarının təsiri nəticəsində iqlimin istiləşmə effektini yaradan summar radiasiya təsirləri 1990-cı ildən 41 dərəcə artıb: "Əgər istixana qazlarının konsentrasiyasının hazırkı tendensiyası saxlanılarsa, biz yüzilliyin sonunadək temperatur diapazonunun 3 dərəcə C-dən 5 dərəcə C-dək artması ilə üzləşə bilərik. Bu, BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris sazişində əksini tapmış qlobal orta temperaturun artmasının 2 dərəcə C-dək və mümkünsə 1,5 dərəcə C-yə yaxın saxlanılması ilə bağlı məqsədli göstəricilərdən xeyli yuxarıdır".
Nazirlik qeyd edib ki, Günəş buludlu hava şəraitində də istifadə edilməsi mümkün olan alternativ enerji mənbəyini verməyə qadirdir. Günəş enerjisi həqiqətən də bütün dünyada istifadə olunur və elektroenerjinin generasiyası və ya suyun qızdırılması və şirinləşdirilməsi üçün daha populyar mənbəyə çevrilir. Belə ki, dünyada ən günəşli yer Ölü dənizi ərazisi hesab edilir ki, burada il ərzində 330 günəşli gün qeydə alınır: “Şımal Torpaq arxipelaqında isə Günəş il ərzində orta hesabla cəmi 12 gün görünə bilər. Azərbaycanda coğrafi mövgeyi və iqliminə görə Günəş enerjisindən daha geniş istifadə üçün əlverişli şərait var".
Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən hər il martın 23-ü Ümumdünya Meteorologiya Günü kimi qeyd olunur.
Builki Meteorologiya Günü “Günəş, Yer və hava” mövzusu adı altında keçirilir.