İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərov tutduğu vəzifəni tərk etdikdən sonra dəfələrlə barəsində müxtəlif məlumatlar yayılıb. Bəzi Kütləvi İnformasiya Vasitələrində, Hesablama Palatasının İTV-də apardığı yoxlama zamanı İsmayıl Ömərovun rəhbərliyi dövründə kanalda 15 milyon manatın mənimsənildiyi xəbəri verilib. Hətta onun barəsində Baş Prokurorluqda cinayət işinin başlanması ilə bağlı məlumat da yayıldı.
İTV rəhbərliyindən kənarlaşandan sonra mətbutda görünməyən İsmayıl Ömərov yayılan məlumatla bağlı müsahibə verməsə də, münasibətini qısa da olsa açıqladı: “Mənim haqqımda niyə cinayət işi açılmalıdır ki? Hamısı uydurmadır. İndi yaydır, çox istidir. Ola bilsin ki, isti hava bu məlumatı yayanlara təsir edib, başlarına vurub”.
İsmayıl Ömərov barəsində cinayət işinin başlanması xəbərini Baş Prokurorluğun nümayəndəsi Eldar Sultanov da təkzib edib.
qafqazinfo.az