Əmək fəaliyyəti ilə məşğul olan hər kəsin istirahət hüququ Konstitusiya ilə təsbit edilib. Lakin bütün iş yerlərində işçilərin istirahət hüquqları tam təmin olunmur. Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Rüstəm Zeynalov Lent.az-a bildirib ki, istirahət vaxtında işçi əmək qanunvericiliyinə uyğun olaraq əmək öhdəliklərinin yerinə yetirilməsindən azad edilməlidir. İşçi həmin vaxtı özünün şəxsi fikri ilə əmək qabiliyyətinin bərpa olunmasına və özünün maraqlarının təmin olunmasına sərf etməlidir. R.Zeynalov bildirib ki, qanunvericilik işçinin istirahət vaxtını 4 növə ayırır: “Birincisi, işçiyə iş günü ərzində verilən istirahət və nahar üçün fasilədir. Hüquqşünas deyir ki, iş günü ərzində işçilərə 2 saatdan artıq olmayan istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilə, adətən işə başlayandan 4 saat sonra verilməlidir və həmin müddət iş vaxtına daxil edilmir. Günlərarası fasilə iş gününün bitməsi və növbəti iş gününün başlaması ilə müəyyən olunur. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. İkinci növə bazar günləri daxildir. Əmək Məcəlləsində qeyd olunur ki, işəgötürən hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaratmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində 2 gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır. Bayram günləri də istirahət vaxtına aid edilir. Hüquqşünas deyir ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda bayram günləri iş öhdəlikləri yerinə yetirilməməlidir. Lakin qanunvericilik bəzi bayram günlərini istirahət günü kimi qeyd etmir. Bunlar 18 Oktyabr — Dövlət Müstəqilliyi günü, 12 noyabr — Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günləridir”.
Hüquqşünas deyir ki, bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. Qanunvericilik qeyri-iş günlərində işləyən işçilərin əmək haqqının ikiqat ödənilməsi qaydasını müəyyən edir: “İstirahət vaxtının bir növü də məzuniyyətdir. Zeynalovun sözlərinə görə, qanunvericilik bütün işçilərə onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilməsini nəzərdə tutur. Məzuniyyətlərin isə əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyət növləri var. Əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Qanunvericilik əmək şəraiti və əmək funksiyalarına görə ayrı-ayrı kateqoriyadan olan işçilərə əmək məzuniyyətinin fərqli müddətlərini müəyyən edib. Sosial məzuniyyət isə hamiləliyə və doğuşa görə, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilir. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə normal doğuşda 140, doğuş çətin olduqda 156, iki və daha çox uşaq doğulduqda 180 təqvim günü təqvim günü məzuniyyət verilməlidir”.
R.Zeynalovun sözlərinə görə, aspiranturada, doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər: “Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır. Təhsil alan işçilərə həmçinin müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək, dövlət imtahanlarını vermək və diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün məzuniyyətlər verilə bilər. Bu məzuniyyətlərin müddətləri qanunvericiliklə müəyyən edilib. qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə altı aydan çox olmayaraq verilir”.
R.Zeynalovun sözlərinə görə, qanunvericilik aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətləri müəyyən edib: “Həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə — uşaq dörd yaşına çatanadək, arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə, 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara, müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət almış işçilərə 14 təqvim gününədək; əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə, doktoranturada, aspiranturada təhsil alan işçilərə —1 təqvim ayınadək, ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə 7 təqvim gününədək və s. verilməlidir”.