İradnamə və tələbnamənin verilməsi qaydası təsdiqlənib
24 iyun 2014 10:55 (UTC +04:00)

İradnamə və tələbnamənin verilməsi qaydası təsdiqlənib

Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət  Komitəsi  tərəfindən  məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Bu qayda mülkiyyət formasından və fəaliyyət sahəsindən asılı olmayaraq, dövlət nəzarətinin aparıldığı obyektlərdə hüquq pozuntuları aşkar edildiyi təqdirdə tətbiq olunacaq. İradnamə və tələbnamələr texniki normativ hüquqi aktların məcburi tələblərinə və metroloji qayda və normalara riayət olunmasını müəyyənləşdirmək üçün aparılan dövlət nəzarəti ilə əlaqədar dövlət nəzarətini həyata keçirən yoxlayıcı tərəfindən tərtib edilən və aşkar edilmiş pozuntuları özündə əks etdirən akt əsasında tətbiq ediləcək.

Tələbnamə - dövlət nəzarəti aparılan zaman insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran və dərhal aradan qaldırılması mümkün olmayan qanun pozuntuları aşkar edildiyi halda, ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının və ya qüsurlarının aradan qaldırılması mümkün olmayan məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərardır.

  

Qaydalara əsasən, məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar aşkar edildikdə, aradan qaldırılması mümkün olan metroloji qayda və norma pozuntusu aşkar edildikdə istehsalçılara iradnamə veriləcək.

 

Məhsul (iş, xidmət) və ya onun istehsalında istifadə edilən xammal texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə,  məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğun keyfiyyətdə sabit istehsalına, işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə  şərait olmadıqda, məhsul (iş, xidmət) standartlaşdırma üzrə texniki normativ hüquqi akt olmadan istehsal edildikdə, nəzarət olunmalı məhsul (iş, xidmət) fiziki və hüquqi şəxslər tərəfindən gizlədildikdə və dövlət nəzarətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərait yaradılmadıqda tələbnamələr veriləcək.

 

Qərara əsasən, müəssisənin rəhbəri yoxlamanı həyata keçirən səlahiyyətli  orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada məhkəməyə şikayət verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar