İnək südü ilə böyüyən, pişiklərin dostu, oyuncaq yığan çaqqal -<span style="color:red;"> ƏYALƏTDƏ KİM VAR, KİM YOX
14 sentyabr 2015 12:10 (UTC +04:00)

İnək südü ilə böyüyən, pişiklərin dostu, oyuncaq yığan çaqqal - ƏYALƏTDƏ KİM VAR, KİM YOX


İnək südü ilə böyüyən, pişiklərin dostu, oyuncaq yığan çaqqal - ƏYALƏTDƏ KİM VAR, KİM YOX
 

Kəndə getmişdim, yazdıqlarımı izləyən bacım dedi ki, xəbərin varmı Abidə həyətində çaqqal balası saxlayır?

Abidə xalamız nəvəsidi, əsl adı Əcəbnaz olsa da, hamı Abidə deyə çağırır. Onu lap uşaqlığından tanıyıram, heyvanlara böyük məhəbbəti var.  İt, pişik, toyuq-cücə yemləmək Abidə üçün həmişə xoş əyləncə olub. Bəs bu çaqqal hardan çıxdı?

Bacımın söhbətinə bir az duruxdum. Azyaşlı uşaqları olan ana həyətində niyə çaqqal saxlasın axı?
Sonra bacım çaqqal balasının tarixçəsini danışdı. Dedi ki, bir dəfə qonşu uşaqlar çöldən hələ gözləri açılmamış küçük tapırlar və anasız olduğunu zənn edib həyətlərinə gətirirlər. Küçüyü görənlərin bəziləri onun çaqqal balası olduğunu deyir. Abidə məsələdən xəbər tutan kimi heyvancığazı onlardan alıb, evinə gətirir və öz pişikləri ilə bərabər bəsləməyə başlayır.  Sonra məlum olur ki, çaqqal balasının anasını kimsə öldürdüyünə görə, yuvada üç bala yetim qalıbmış. Ac qalan balaların ikisi ölüb, biri isə haray salaraq yuvadan çölə çıxıb. Uşaqlar da onu it küçüyü bilib həyətə gətiriblər.

...Darvazanı taqqıldadıb həyətə daxil olduq. Abidə bizi həmişəki kimi gülərüzlə qarşıladı. “Çaqqala baxmağa gəlmişik”, dedim.

Abidə evin arxa tərəfindəki bağçaya sarı bir neçə dəfə mehriban səslə “Oskar, Oskar!” deyə çağırdı. Və üzünü mənə tutub:

- Səhər-səhər buralarda idi, indi gələr yəqin. İçəri keçin, bir çay içək, çağırıb gətirəcəm.

- Çayı sonra içərik, əsas “Oskar”dı.
 

Abidə yenə bir neçə dəfə “Oskar”ı səslədi. Birdən həyətdə xınalı bir varlıq peyda oldu. Gələn kimi bizə baxıb qulaqlarını şəklədi və yad adamların xoşməramlı olduğunu təyin etdikdən sonra oynamağa başladı. Bu balaca, sevimli heyvanı görəndən sonra həmişə zəhləm gedən çaqqallara  ürəyimdə mərhəmət artdı. Onu kənardan əzizlədikcə biçarə yavru bizə yaxınlaşıb ayaqlarımıza dolaşırdı.
 

- Narahat olmayın, adam dişləməz. Mən bunu evdə, hamamın bir küncündə böyütmüşəm. Körpəliyindən inək südü verirdim, bir az böyüyəndən sonra öz yediyimiz yeməklərlə yemlədim.

 

“Oskar” bizimlə “hal-əhval” olandan sonra həyətdə ona yaxınlaşan sarı pişiklə oynamağa başladı. Abidə çaqqalla pişiyin mehribanlığını belə izah elədi:
 

     - “Oskar” körpə olanda bu pişik onu öz balası kimi yalayır,  dayəlik eləyirdi. İndi də  ana-bala kimi oynayırlar. Evimizə elə öyrəşib ki, bəzən tullanıb uşaqların yatağında yatır.
 

- Çox sevimli, çox şirindi. Bəs həyətdən, bağçadan uzaqlaşırmı?

- “Oskar”ı may ayının ortalarında tapmışıq. Son vaxtlar hərdən bir-iki günlüyünə yoxa çıxır. Bir dəfə yanında özü böyüklüyündə gənc çaqqal gördüm. Ola bilsin həmin çaqqalla harasa gedir. Ancaq bizsiz darıxır, qapımızdan ayrılmır, vəhşiləşə bilmir.

- Deyəsən axsayır axı?

- Hə, iki gündü qabaq ayağından axsayır, yəqin kimsə vəhşi sanıb, nə iləsə möhkəm vurub. Çox istəyirəm başqa çaqqallara qoşulub getsin, mümkün olmur. Yoldaşım bir neçə dəfə məndən gizlin azdırmağa çalışıb, hara aparıbsa, “Oskar” hər dəfə geri qayıdıb. Mən ona yetim bir uşaq kimi baxıram, amma kiminsə vəhşi bilib onu öldürməyindən qorxuram. Zəncirdə də saxlamağa ürəyim gəlmir.

 

Biz söhbət elədikcə “Oskar” ətrafımızda oynayır, sevinir, pişiklərlə zarafatlaşırdı. Onun taleyinə ürəyim ağrıyırdı.

Biz Abidənin təkidi ilə evə, çay içməyə keçdik. Həyətdəki pişiklərdən başqa içəridə daha iki bəzəkli pişik də vardı.
 

- Abidə, “Oskar” adını ona kim qoyub?
 

- Oğlum. Uşaqlarım elə çox istəyir ki onu. Bu yaxınlarda bibim qızı Bakıdan gəlmişdi. Mənə dedi, onu buralarda adamlar öldürməmiş, Bakıya aparacam. Orda belə kimsəsiz heyvanlar üçün xüsusi park var, ora təhvil verəcəm.  Onun bu fikrinə çox sevindim. O da  bilmirəm, haçan gələcək. Bu heyvanın taleyinə çox acıyıram. Bunun nə günahı var, axı?

- Doğrusu, bacım bunu danışanda, elə bildim zəncirdə yırtıcı bir çaqqal  saxlayırsan. Bir çaqqal balasının bu qədər sevimli olmasını heç vaxt ağlıma gətirməzdim.

 

Biz içəridə söhbət elədiyimiz vaxt, evin açıq qapısından gördüm, qardaşım qızı Həlimənin girəcəkdəki ayaqqabısının bir tayını “Oskar” götürüb apardı. Onun bu hərəkəti çox pozitiv idi, hamımızı güldürdü. Sonra Abidə ayaqqabını axtarmağa getdi.
 

- Hara aparır ayaqqabını, Abidə?
 

- Evin arxasında onun müxtəlif top və oyuncaqlardan ibarət kolleksiyası var. Ayaqqabını da ora aparır, sonra körpə uşaqlar kimi, yığdığı oyuncaqlarla oynayır.

 

Çayımızı içdikdən sonra yenidən həyətə düşürük. “Oskar” yenə quyruğunu bulaya-bulaya yanımıza qaçır, hər birimizi oynamağa çağırır. Əzizləyib sığallayaraq onunla vidalaşır, kədərli bir acıma hissi ilə ondan ayrılırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Murad Köhnəqala

Oxşar yazılar