İman Nağıyev: “Məhkəmələrdə süründürməçilik aradan qalxacaq” - MÜSAHİBƏ
18 oktyabr 2013 13:40 (UTC +04:00)

İman Nağıyev: “Məhkəmələrdə süründürməçilik aradan qalxacaq” - MÜSAHİBƏ

Hakimlərin növbəti seçimi prosesi başa çatdı və 72 nəfər hüquqşünas dövlət başçısının sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin edildilər. Bununla əlaqədar Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev “525-ci qəzet”ə müsahibə verib.

 

- İman müəllim, hər şeydən əvvəl Sizi növbəti hakimlərin seçilməsi prosesinin uğurla başa çatması münasibətilə ürəkdən təbrik edirik. Bu proses barədə qısa məlumat verməyinizi xahiş edirik.

 

- Sağ olun. Hakimliyə namizədlərin növbəti seçim prosesinə 2010-cu ildən başlanılıb və nəticəsi üzrə 72 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək ölkə başçısının 4 oktyabr 2013-cü il tarixli sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.

Qeyd etməliyəm ki, ölkəmizdə 2007-ci ildən hakimlər məhz bu – Avropada ən mütərəqqi qaydalardan hesab olunan seçim proseduru ilə təyin olunurlar. Bu qaydalara uyğun olaraq hakimliyə namizədlər çoxsaylı yazılı və şifahi, o cümlədən test üsulu ilə imtahanlar verir, hakim vəzifəsinə hazırlanmaları üçün 1 il müddətində davam edən tədris kursu keçirlər.

Hakimliyə namizədlər üçün bərabər şərait yaradılması məqsədilə yazılı imtahanın hər iki fazası – həm test, həm də verilmiş kazusların həllindən ibarət olan yazılı imtahanlar bütün namizədlər üçün vahid zalda keçirilir, bu zaman yalnız şəxsi kodlardan istifadə olunur. Həmçinin, imtahan prosesinin bütün mərhələləri – sualların seçilməsi, çoxaldılaraq paylanması və cavabların yoxlanılıb dərhal elan olunması, imtahan keçirilən auditoriyada, namizədlərin qarşısında həyata keçirilir.

Bütün, o cümlədən şifahi imtahanlarda şəffaflığın tam təmin olunmasına xüsusi diqqət yetirilərək imtahanların hər bir mərhələsində beynəlxalq və yerli müşahidəçilərin iştirakı təmin olunur. İmtahanda müvəffəqiyyət qazananlar bir illik tədris kursuna buraxılır və kursun nəticəsi üzrə verdikləri imtahanlardan sonra onların hakim vəzifəsinə təyin edilməsi məsələsinə baxılır. Ədliyyə Akademiyasında keçirilən bu kurslarda insan haqlarının qorunması, Avropa məhkəməsinin presedentləri, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi əhəmiyyət verilir, bütün namizədlərin məhkəmələrdə, o cümlədən xaricdə təcrübə keçməsi təşkil edilir.

 

- Bəs sonuncu seçim prosesi hansı yeniliklərlə yadda qaldı?

 

- Bu seçim dövründə biz bir az da irəliyə getdik. Ölkəmizin kadr seçimi tarixində ilk dəfə olaraq imtahanları onlayn rejimində internet vasitəsilə birbaşa yayımladıq.

Həmçinin Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu göndərməklə prosesi bilavasitə izlədi. Avropalı ekspertlər yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirərək müzakirələr apardı, milli qanunvericiliyimizi təhlil etdi.

Böyük fəxrlə bildirmək istərdim ki, CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabatda Azərbaycanda hakimlərin seçiminin mütərəqqi Avropa standartlarına cavab verdiyi vurğulanıb və proses xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirilib.

Avropa Şurasının bütün üzv-dövlətlərindən olan nümayəndələrin iştirakı ilə keçirilmiş bu mötəbər təsisatın iclasında həmin hesabat geniş müzakirə olunmuş və məsələ üzrə müvafiq qərar qəbul olunaraq, Azərbaycanın müsbət təcrübəsi örnək kimi qiymətləndirilib.

Avropa İttifaqı tərəfindən də ölkəmizdə hakimliyə namizədlərin seçimi nümunə kimi qiymətləndirilib və digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilib.

Bütün bunlar sonuncu seçim zamanı ən çox qürur duyduğumuz hallar oldu.

 

- Bəs aparılmış son təyinatlar hansı müsbət dəyişikliklər vəd edir?

 

- Bilirsiniz ki, ədalət mühakiməsinin səmərəsinin artırılması məqsədilə son illər ölkəmizdə çoxsaylı yeni regional məhkəmələr, inzibati ədliyyə sistemi yaradılıb, yüksək iş yükü nəzərə alınaraq hakimlərin sayı 2 dəfə artırılıb. Eyni zamanda Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan intizam icraatları və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə 70 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Bu baxımdan Hakimlərin Seçki Komitəsinin qarşısında duran ən mühüm vəzifə mövcud olan çoxsaylı vakansiyaların yeni, müasir düşüncəli, hazırlıqlı və mənəvi cəhətdən saf hakimlər hesabına komplektləşdirilməsi olmuşdur.

Hal-hazıradək hakimlərin seçimi proseslərində 2600 hüquqşünas iştirak edib. Keçirilən müsabiqələr zamanı onların sırasından 307 nəfər, o cümlədən dövlət başçısının 4 oktyabr 2013-cü il tarixli sərəncamı ilə 72 nəfər müxtəlif hakim vəzifələrinə təyin ediliblər.

Məhz bunun nəticəsidir ki, son illər ərzində Ali Məhkəmə hakimlərinin sayı 27-dən 41-ə, apellyasiya məhkəmələri hakimlərinin sayı 35-dən 120-dək yüksəlib. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə, bu rəqəm artıq 101-ə çatıb, habelə respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı xeyli artırılıb.

Dövlət başçısı tərəfindən aparılmış son təyinatlar nəticəsində məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyəti komplektləşdirilib ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcək.

 

- Amma bu təyinatlardan sonra Leyla Yunus və hüquqşünas Müzəffər Baxışov mətbuatda çıxış edərək məhkəmə sistemində heç bir islahatın həyata keçirilmədiyini, hakimlərin seçimi prosesinin qeyri-obyektiv olduğunu bildirdi.

 

- Təəssüf ki, bəzilərini ölkəmizin uğurları, məhkəmə sistemində aparılan islahatlar deyil, cılız qrant maraqları daha çox düşündürür. Ölkəmizdə həyata keçirilən hərtərəfli islahatları və qazanılan nailiyyətləri, məhkəmə sistemində görülən işləri inkar etməsələr və qara yaxmasalar onlar işsiz qala bilərlər. Bu baxımdan ağa qara demək artıq bu insanların iş metoduna çevrilib. Ona görə də inkaredilməz nailiyyətləri isterika ilə qarşılamaları başa düşüləndir.

Müzəffər Baxışovun dediklərini isə açıq-aşkar qərəzli olduğundan ciddi qəbul etməzdim. Məhkəmə sistemində qazanılmış hər bir uğura böyük ürək ağrısı, haray-həşirlə yanaşan bu şəxsin hüquqşünas kimi özünün heç bir uğuru yoxdur. O, 13 il prokurorluğun yerli qurumlarında prokuror köməkçisi işləyib və sonda insan haqlarını pozduğuna, əsassız yoxlamalar keçirilməsi kimi qanunsuzluğa yol verdiyinə görə bu orqanlardan xaric edilib. Elə o vaxtdan da «ekspertə çevrilərək» müxtəlif hüquq məsələlərinə “münasibət” bildirməyə can atır.

O ki qaldı onun hakimlərin seçilməsi prosesinə yeri gəldi-gəlmədi qara yaxmaq cəhdlərinə, bu da şəxsi qərəzlə  bağlı məsələdir. Çünki, o, hakimliyə namizəd kimi də uğursuzluğa düçar olmuş, imtahanlardan kəsilmişdir. Hesab edirəm ki, daxili ədalət, qərəzsizlik hissi nəinki hakim olmaq istəyən şəxsdə, hər kəsdə olmalıdır.

Ümumiyyətlə, kimin görmək istəməməsindən asılı olmayaraq, məhkəmə islahatlarının karvanı öz yolundadır. Məhkəmələrə etimad artır, müraciət asanlaşır və insanlar pozulmuş hüquqlarının müdafiəsi üçün digər orqanlara deyil məhz məhkəmələrə müraciət edirlər. Təsadüfi deyil ki, 1999-cu illə müqayisədə məhkəmələrdə inzibati və iqtisadi işlər də daxil olmaqla mülki işlərin sayı 7 dəfədən çox artaraq 160 minə çatır. Ötən il birinci instansiya məhkəmələrinə daxil olmuş bütün mülki işlər üzrə qətnamələrin 88 faizi, cinayət işləri üzrə hökmlərin isə 75 faizi ilə tərəflər razılaşıb, həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməyib. Dövlət orqanlarının fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən inzibati məhkəmələrə müraciətlərin 80 faizinin təmin olunması, habelə birinci instansiya məhkəmələri qətnamələrinin 96 faizi, cinayət işləri üzrə hökmlərin isə 91 faizinin sabit qalması məhkəmələrə inamı şərtləndirən daha bir amildir.

Məhkəmə qərarlarından narazılıq isə dünyanın hər yerində mövcuddur. Çünki, bütün məhkəmə prosesləri qarşı duran iki tərəfin bir-birinə iddiaları üzərində qurulur. Tərəflərdən birinin obyektiv qalibiyyəti, digərinin narazılığı ilə qarşılanır. Məhkəmədə həm iddiaçı, həm də cavabdeh tərəfin haqlı olması mümkün deyildir.

Bu baxımdan məhkəmələrə qara yaxmaqdansa, düşünmək lazımdır ki, dövlət adından çıxarılan məhkəmə qərarlarının qanuniliyi qəzet səhifələrində deyil, yalnız yuxarı məhkəmə instansiyasında təftiş oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2044
avatar

Oxşar yazılar