Layihə: “Onun ilk peşəsi”
Onlar sənətçi, siyasətçi, yazıçı kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.
Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağı, tanınmış telejurnalist İlqar Əlifidir. Jurnalist fəaliyyətinə 90-cı illərin əvvəlində yeganə milli televiziyamız olan Az.tv-də “Dalğa” verilişidən başlayan İ. Əlfi hazırda Apa.TV-də işləyir. Görkəmli yazıçımız Əlfi Qasımovun övladı, kinoteatrda nəzarətçi, tərcüməçi və jurnalist İ. Əlfi öz çalışdığı peşələr haqqında danışır...
"Kinoteatrda nəzarətçi olmuşam"
- İlk əmək fəaliyyətimə doqquzuncu sinifdə oxuyarkən, kinotetrda nəzarətçi kimi başlamışam. Adıma kooperativ ev almaq istəyirdilər, bunun üçün əmək stajı tələb olunurdu. Kinoteatrda vakant yer vardı, atamın xahişi ilə işə götürdülər. Kinoteatr “Dağlı” məhəlləsinə yaxınıydı. Mənim işim ondan ibarətiydi ki, nəzarət edim siqaret çəkməsinlər, xuliqanlıq etməsinlər. Onu da deyim ki, ev filan da ala bilmədik. Beləliklə, məktəbi qurtardım, Azərbaycan Dövlət Universitetinin Şərqşunaslıq fakülətsinə daxil oldum. Fars dili üzrə bir neçə il tərcüməçi işlədim.
"Dedilər ki, şah zavoda gələcək,amma gəlmədi"
- Tələbə olarkən İranda iki il təcrübə keçdim. O vaxt orda şah dövrüydü. Onu da deyim ki, bir tərcüməçinin karyerasında ən yüksək zirvə çalışdığı dövlətin rəhbəri ilə görüşməkdi. O zamanlar İranda da mənzil problemi vardı. Ev problemini SSRİ qədər uğurla həll edən ölkə olmayıb. İran da SSRİ-in panel evlərlərlə bağlı layihəsi ilə maraqlanmışdı və ölkənin on iki şəhərində panel evlərin tikintisi ilə bağlı zavodlar tikildi. Çünki zavodda işləyən mütəxəssislər ruslar olduğundan mən həmin zavodların birində tərcüməçi işləyirdim. Əhvazda dedilər ki, şah zavoda gələcək. Hazırlıqlar görüldü, amma şah gəlmədi. Əvəzinə ayrı adamı göndərmişdi.
- Universiteti bitirdikdən sonra təyinatımı Azərbaycan Televiziyasının Xarici Proqramlar Şöbəsinə verdilər. Həmin şöbə Sovet təbliğat maşınının tərkib hissəsiydi və şöbə xarici dillərdə verilişlər hazırlayırdı. Beləliklə, 1978-ci ildən 1987-ci ilə kimi burda işlədim. Artıq həmin şöbənin daxilində tərcüməçilikdən juranalistikaya keçdim. Yəni, redaksiyada diktor kimi, daha sonra Xəbərlər Redaksiyasında redaktor kimi çalışmağa başladım.
"Tətcüməçilikdən uzaqlaşmağımın obyektiv səbəbləri var"
- Tərcüməçilikdən jurnalistikaya keçid elədim. Tərcüməçlikdən uzaqlaşmağımın obyektiv səbəbləri var. Özümü yazı-pozu sahəsində daha çox realizə edə bildim. Hansısa bir sahədə yaxşı mütəxəssis ola bilməsəm də, yazmağı istənilən vaxt bacararam. Atam yazıçı olub, körpə vaxtından yazmışam. Yazmaq mənim üçün peşələrin sonuncusudur. Jurnalistika nəzəriyyəsindən söhbət düşəndə deyirəm ki, jurnalistika nəzəriyyəsini bilmirəm. Bu gün jurnalistika o qədər qeyri-peşəkar sahə olub ki, artıq nəzəriyyəyə ehtiyac yoxdur. Bu gün jurnalistlər nə reportaj hazırlayırlar, nə oçerk yazırlar. Esse fason köşə yazırlar, o da janr sayılmır. Bunu da qeyd etmək lazımdır ki, mətbuatda uğurlu imzalar var. Hər bir yazı, hər bir veriliş əslində eyni zəhmətin məhsuludu. Mən üzərində zəhmət çəkilən nəyinsə, o cümlədən yazıların yaxşı və ya pis olmağından asılı olmadan pisləməyin tərəfdarı deyiləm. Onu deyim ki, müəllifin imzası onun yazdığının gözəl olmağına dəlalət etmir. Hər bir yazı bir cümləyə görə yazılır və hər yazıda yadda qalan nəsə olmalıdır. Bir problemə fərqli yanaşmaq lazımdır. Fərqli yanaşdıqda fərqli yazı alınacaq. Əgər bu cür yanaşmırsansa, yazılar hamısı biri-birinə oxşayacaq.
- Tərcüməçi olduğum müddətdə yalnız İranda olmuşam. O zaman Güney Azərbaycana getməyin tək yolu tərcüməçi olmağıydı. Onu da deyim ki, mənim ürəyimdə daima cənub həsrəti olub. Çünki yazıçı ailəsində doğulmuşam və cənubi Azərbaycandan olan yazıçıları görmüşəm, onların acınacaqlı taleylərinin şahidi olmuşam. Əhvalda oteldə işləyəndə başıma bir gülməli hadisə gəlmişdi. Otelin hovuzunda çimərkən, mehmanxananın sürücüsü qaçaraq gəldi ki, İlqar ağa, orada bir nəfər danışır, amma biz başa düşmürük. Gəl tərcümə et. Getdim gördüm ki, adam ispanca danışır. Dedim axı mən ispan dilini bilmirəm. Sürücü təəccüblə mənə dedi ki, necə yəni ispan dililini bilmirəm?! Bəs sən necə tərcüməçisən? Məsələn, mən sürücüyəm. Mersedes də sürürəm, Ford da, Juquli də (gülür).
"Fars dilini orta məktəbdə öyrəndim"
- 190 saylı məktəbdə fars dili ikinci sinifdən tədris olunduğu üçün ailəm məni o məktəbə qoydu. Fars dilini orta məktəbdə oxuyarkən öyrəndim. Məktəbdə oxuyarda farsca yaxşı danışırdım. Amma sərhədlər açıldıqdan sonra, ölkəmiz müstəqillik əldə etdikdən sonra məlum oldu ki, İrana getmək üçün fars dilini bilməyə ehtiyac yoxmuş. Onlar da bizimlə eyni dildə danışırlar. Dilimiz bir, millətimiz birdir. İndi də tərcüməçilik fəaliyyəti ilə məşğulam. Hazırda dünya ədəbiyyatından tərcümələr edirəm. Ona yaxın kitab tərcümə etmişəm.
- Dil bilməyim mənə jurnalistikada, ümumiyyətlə yazı yazmaqda çox şey öyrətdi. İnsanlar çox sözləri səhv yazır və tələffüs edirlər. Bu, həmin sözün mənşəyinin bilməməklə bağlıdır. Xarici dil bildiyim üçün, sözlərin mənşəyini bildiyim üçün sözün qiymətini bilirəm. Məsələn, ərəb dilində bir sözü bilməklə, həmin sözdən törəyən 30-40 sözü də bilmək olur. Dilimizdə elə sözlər var ki, hər ikisi ərəb dilindəki bir sözdən törəyib. Lakin onlardan birini “a” hərfi ilə, digərini isə “ə” ilə yazırıq. Hər ikisinin eyni sözdən törədiyinin fərqində deyilik. Elə söz var ki, orfaqrafiya lüğətində də səhv yazılıb. Çünki sözün mənşəyini bilmirlər. Buna görə də dil bilmək lazımdır. Çünki dil bilmək insana çox şey verir. Mən fars dilini Azərbaycan və rus dilləri səviyyəsində bilirdim.
“Taleyimizin 50 faizi İrandan, Türkiyədən, Rusiyadan asılıdır”
- Bir kollektivdə olanların çoxu yaxşı adam, biri pis adam olsa da, bəzən insan həmin pis adamı görürlər. Sərhədlər açıldıqdan sonra İrana gedib-gəlmək kütləvi xarakter daşıdı və insanlar yaxşıları görmək əvəzinə, pisləri gördülər. İrana maraq azaldı. Azərbaycanda İran haqqında elə danışırlar ki, sanki ora gedib, məşədi olmaqdan ibarətdir. İranın 2600 il dövlətçilik tarixi var. Amma biz həmin ölkəyə barmaq arası baxırıq. Təssüf ki, İranın bu günüylə maraqlanmırıq. Halbuki bəlkədə taleyimizin 50 faizi qonşu ölkələrdən- İrandan, Türkiyədən, Rusiyadan asılıdır.
- Universitetə dörd dənə “5” qiyməti ilə daxil olmağımda atamın rolu olub. Sovet dövründə orta məktəbi bitirib, univiersitetə daxil olmaq üçün savadlı olmaq, fənləri bilmək kifayət deyildi. Ali məktəbə daxil olmaq üçün lazım olan fənləri “5”-ə layiq bilsəm də, atam tapşırmasaydı mənə o qiyməti verən olmazdı. O elmləri özüm yazsaydım belə, yenə girə bilməzdim. Çünki icazə verməzdilər. İndi test imtahını ilə qəbul həyata keçirilir. Test imtahanı orta məktəbdən etibarən savadsızlar yetişdirsə də, amma abituriyentlərin ali məktəbə qəbul olmaq şansı çox böyükdür. Heç kəs onların qiymətini kəsə bilmir. Amma Sovet dövründə savadlı mütəxəssis daha çox olurdu. Tədris metodikası başqa cürüydü. Bəzən deyirlər ki, tanınmışların, imkanlı şəxslərin övladları savadsız olur. Bu yalnış fikirdi. Universitetə qəbul olmamışdan əvvəl atam mənə dedi ki, sənədərimi Azərbaycan Pedaqoji İnstitutuna verim. APİ-də konkurs azıydı. Razılaşmadım və sənədlərimi verdim Azərbaycan Dövlət Universitetinin Şərqşunaslıq fakültəsinə.