Nüfuzlu beynəlxalq "Consulting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis edilmiş "İlin Şirkəti" Milli Mükafatının 2013-cü ilin yekunlarına görə təqdimetmə mərasimi keçirilib.
Lent.az - ın məlumatına görə, Azərbaycan iqtisadiyyatı və biznesinin müxtəlif sahələrində çalışan 28 laureat bu ali mükafata layiq görülüb.
Onların arasında nüfuzlu maliyyə institutları, iri sənaye müəssisələri və developerlər, eləcə də kiçik və orta biznesin qabaqcıl şirkətləri yer aldı. Mükafata layiq görülən bütün şirkətlər fərqli olmalarına baxmayaraq yüksək rentabelli, bazarda sabit mövqeyə malik və intensiv inkişaf edən, maliyyə şəffaflığı və informasiya açıqlığı üzrə beynəlxalq standartları tətbiq edənlərdir. Binəqədi Rayon İcra Hakimiyyəti xüsusi nominasiya olan "İlin yerli icra hakimiyyəti orqanı" nominasiyası üzrə mükafata layiq görüldü.
Mükafatı qəbul edən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva təşkilatçılara Binəqədi Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından təşəkkür edərək qeyd etdi ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Odur ki, Binəqədi rayon icra hakimiyyəti başçısı aparatı da “elektron hökümət”in yaradılması istiqamətində səylə çalışmışdır və nəticədə əməyimiz xüsusi qiymətləndirilmişdir. Bütün mükafatçıları təbrik edən Aygün Əliyeva ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hər bir iştirakçıya gələcək fəaliyyətində uğurlar arzulayıb.