Bu gün prezidenti İlham Əliyev Şəmkirdə su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasiminə qatılıb. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verib. Daha sonra dövlət başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basıb.
Prezident İ.Əliyevə su elektrik stansiyası barədə məlumat verilərək, bildirilib ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulub.
Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.
Diqqətə çatdırılıb ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlət başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.
Prezident İ.Əliyev Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb. Ölkə başçısı bildirib ki, bu nəhəng infrastruktur layihəsi ölkə iqtisadiyyatına mühüm töhfədir. “Bu layihənin icrası nəticəsində suvarılan torpaqların sahəsi daha da artacaq”.
Daha sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, “Vətən-az” MMC-nin direktoru, fermer Azər Əmiraslanov çıxış ediblər.
İlham Əliyev Şəmkirçay su anbarının açılışında iştirak edib
1222