Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisi tərəfindən daxil olmuş "Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, komitə sədri Arif Rəhimzadə iclasda bildirib ki, qanun layihəsinə əsasən Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndinin və Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndinin Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi təklif olunur.
Həmçinin Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsinin Babək rayonunun inzibati ərazisinə birləşdirilməsi təklif edilir. Səbəb olaraq bildirilib ki, bu iki kənd Culfadan daha çox Babək rayonuna yaxındır. Həmin kəndlərdən biri Culfanın mərkəzindən 53 km, digəri isə 61 km uzaqdadırlar.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.