İctimai Birlik uşaqları sevindirdi
Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı tədbir keçirib.
Lent.az xəbər verir ki, tədbir ictimai birliyin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş uşaqların hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirlərin keçirilməsi” mövzusunda layihəsi çərçivəsində həyata keçirilib. Birliyin sədri Esmira Orucovanını dediyinə görə, layihənin məqsədi işgəncə və zorakılıqlara məruz qaldıqdan sonra azad edilmiş, itkin düşmüş, həmçinin şahid ifadələrinə əsasən girov götürülmüş, hələ də qaytarılmayan uşaqların hüquqlarını müdafiə etmək üçün problemi gündəmdə saxlamaq və beynəlxalq təşkilatlara çatdırmaqdır.
Tədbirdə günahsız müharibə qurbanları olan - torpaqları və yaxınları ilə bərabər uşaqlıqlarını da itirmiş girovluqdan azad edilmiş şəxslər, onların övladları, itkin düşmüş hesab olunan və hələ də girovluqda qalan azyaşlıların ailələrində böyüyən qaçqın və məcburi köçkün uşaqlar iştirak ediblər. Girovluqdan azad edilmiş uşaqların (təbii ki, onlar artıq uşaq deyillər) övladları və əsir-itkin düşmüş soydaşlarımızın ailələrində böyüyən uşaqlar maraqlı bədii proqramla çıxış edib, mahnılar oxuyub, şerlər söyləyib, rəqs ediblər. Günahsız müharibə qurbanlarını öz maraqlı musiqi proqramı ilə Bakı şəhəri, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları təbrik edib, sevindiriblər.
Azyaşlı ikən ermənilər tərəfindən girov götürülmüş şəxslər keçirdikləri ağır və məşəqqətli uşaqlıqlarından, erməni vəhşilərinin onlara və onların gözləri qarşısında ailə üzvlərinə, həmçinin yaxınlarına verdikləri ağlasığmaz işgəncələrdən, törətdikləri qəddarlıqlardan ürək ağrısı ilə danışıb, uşaqlara onların yaşadıqları həyatı arzulamadıqlarını bildiriblər.
Bayramın sonunda uşaqlara hədiyyələr paylanılıb.
Tədbirdə Milli QHT Forumunun vitse-prezidenti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman təsisatının, işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri, Binəqədi rayon icra hakimiyyətinin şöbə müdiri, QHT sədrləri və KİV təmsilçiləri iştirak ediblər.
863