Hicab: əsalət, yoxsa əsarət?
22 yanvar 2013 19:12 (UTC +04:00)

Hicab: əsalət, yoxsa əsarət?

Bismillahir Rəhmanir Rahim

 

Hicab və ya digər adı ilə Təsəttür...

 

Təsəttür-hicab hər zaman, mömin bir qadın üçün islamiyyətin bir mənada simvoluna çevrilmiş bir geyim tərzidir. “Müsəlman, dindar bir qadın” dediyimiz zaman ilk ağla gələn də elə hicablı bir qadın olar. Lakin ələlxüsus XX əsrin əvvəllərindən, təsəttür - qadınların hicab geyinməsi qadınların hüquqlarının tapdalanması kimi görülməyə başlandı. Bu fikir müsəlman toplumuna aşılanmağa çalışıldı. Və bu günədək bu kimi fikirlər cəmiyyətdə hələ də qalmaqda davam edir. Bunun belə anlaşılmasına səbəb olan amillər arasında ən mühümü bu idi ki, Azərbaycan və s. Şərq xalqlarında “Din-Şəriət” adı altında hökm sürən xurafat və mövhumat, islamiyyətlə qarışdırılırdı. Azərbaycanlı ziyalı və ədiblər xüsusilə cəhaləti və dinə yapışdırılmış xurafatları tənqid edərkən islamiyyətin bu hökmünü də nöqsan olaraq görürdülər. Bu isə Şərq xalqlarında, elmə bayraqdarlıq edən Avropaya, Qərbə yaranan meyldən qaynaqlanmaqda idi. Avropa, özündən ayrılmış və təməl kitabı təhrif edilmiş olan bir din - Xristian dinindən imtina etmiş, mövcudiyyətini dinsiz fəlsəfə üzərində yenidən bina etmişdi.

 

Elmi, texniki cəhətdən inkişaf etmiş olan Qərbdə qadın örtüsüz idi. Şərqdə isə qadın örtüyə bürünmüşdü. Və ədiblər də qadının inkişaf etməsini, cəmiyyətdə rolunun artmasını qadının - Qərbdəki kimi - örtüsüzlüyündə görürdülər. Şərqin ziyalıları tərəqqi yolunda, təhrif edilən Xristianlıq Dinindən imtina etmiş Qərbi təqlid etmənin zərurətini vurğulayırdılar. Haqlı idilərmi?

 

Təsəttür həqiqətənmi bir əsarət və qadın hüquqlarının tapdalanmasıdır?

 

Hicab bir zərurətdənmi doğub, yoxsa hicab qadın üçün olmazsa olmaz bir geyim tərzidir? Doğrudanmı hicab, “müasirlik” və “inkişaf” yolunda cəmiyyət üçün bir maneədir?

 

Ya da, kimlərinsə iddia etdiyi kimi hicab, həqiqətənmi sırf Peyğəmbərimizin zamanına xas olmuşdur?
 

Bu suallara cavab verməzdən əvvəl “Təsəttür”ü öz dəyişməz qanunları arasında saxlayan islamiyyətin, islam dininin mahiyyətinə qısa bir baxış edək.

 

İslamiyyəti digər səmavi dinlərdən fərqləndirən başlıca xüsusiyyətlər vardır. Heç şübhəsiz, bu din, özündən əvvəlki səmavi dinləri təsdiqləyən və həmin səmavi (Xristianlıq, Yəhudi) dinlərdə də öz təsdiqini tapmış olan son dindir. Uca Allah bu həqiqəti, islamiyyətin təməl qaynağı olan Xalis Allah Kəlamı – Quranında da ifadə buyurmuşdur: “Biz Quranı sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) kimi endirdik” (5/48). Özündən əvvəlki səmavi dinlər bir tək göndərildikləri qövmü əlaqədar etdiyi halda; islamiyyət təşəkkül tapdığı Ərəbistandakı ərəblər ilə bahəm bütün dünya millətlərinə uyğun bilinən bir dindir. Bu, Quran ayətləri ilə sabitdir. Öncəki peyğəmbərlər sadəcə göndərildikləri cəmiyyətə xitab edərək “Ey qövmüm, ey qövmüm!” demişlərdir. İslam Peyğəmbəri  hz. Muhamməd (ə.s.m) isə Quranda bir çox yerdə keçdiyi kimi “Ey İnsanlar!” tərzində bütün bəşəriyyətə xitab etmişdir. İslamiyyətin, Quranın tərcüməçisi olan hz. Muhamməd (ə.s.m) hələ öz sağlığında ikən, dövrü üçün dünyanın ən məşhur dövlətlərinin hökmdarlarına elçilər göndərərək, onları təmsil etdikləri millətlərin adından islamiyyətə dəvət etmişdir. Bu fakt da, islamiyyətin yalnız ərəblərə sərhədli qalmayaraq ümumbəşəri bir din olduğunu bir daha təsdiqləyir.

 

Ayətlər və bütün hədislər, islamiyyətin sonuncu və ümumbəşəri bir din olduğu faktını ortaya  qoyur. Eyni zamanda islamiyyət, onun düsturları yalnız yarandığı 7-ci əsrə də şamil edilməmiş; Allahın vəd buyurduğu Qiyamət Gününə kimi bütün dövrlərin insanlarına şamil edilmişdir.

 

Bu baxımdan, demək olar ki, islamiyyətin və onun qaynağı Müqəddəs Kitabın, Quranın hökmləri, prinsipləri, düsturları, təkcə 7-ci əsrə məxsus və yalnız ərəblər haqqında deyil; 7-ci əsrdən dünyanın sonunadək bütün dövrlərə məxsus və bütün millətlər haqqında keçərlidir. Bu həqiqət də Quranda öz təsdiqini tapmışdır.
 

İslamiyyəti özündən əvvəlki səmavi dinlərdən fərqləndirən amillərin ən başlıcası isə təhrif edilməyərək, olduğu təravətdə qorunub saxlanılması gerçəyidir. “Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrifdən) qoruyub saxlayacağıq” (15/9)

 

İslam dininin bütün hökm və düsturları onun təməl kitabı Qurandan və İlahi Vəhyin tərcüməçisi olan hz. Muhammədin (ə.s.m.) sünnəsindən qaynaqlanmaqdadır. Quran isə öz hökmləri ilə sabit və tamamlanmış; nazil olduğu dövrdən bu yana bütün əsrləri idarə etmək mahiyyətindədir.

 

Hər şeyin doğrusunu bilən, hər şeyi var edən Cənab-ı Allahdır. İnsanı, insanın içində yaşadığı aləmi/aləmləri yaradan və insan ilə onlar arasında əsrarəngiz bir nizam quran Allah, insan haqqında nəyin doğru, nəyin səhv, nəyin xeyirli, nəyin zərərli olduğunu ən yaxşı biləndir. Bu həqiqət Quranda bu şəkildə ifadə edilmişdir: “Yaradan yaratdığını bilməz olar mı?! Elmi hər şeyə nüfuz edən, hər şeydən xəbəri olan Lətif və Xabir Odur.” ( 67/14) Uca Allah, insanı həm bu dünyada hüzur və xoşbəxtliyə çatdırmaq, həm də Cənnətə layiq bir hala gətirmək, yəni Cənnətlik bir səviyyəyə çatdırmaq üçün, insanın lehinə poqramlanmış bir qism əmir və qadağalar etmişdir. Allahın əmr və qadağalarında hesabsız hikmətlər və insanın həm maddi, həm mənəvi hüzurunu təmin edən nüanslar var. Necə ki, bu gün Allahın Quranda insanları çəkindirdiyi spirtli içki, zina, qumar, fal, ata-anaya itaətsizlik və s. cəhətlər incələndiyində və bu qadağalara itaətsizliyin nəticələrinə nəzər salındığı zaman görülür ki, həqiqətən Allahın hər əmrində minlərlə hikmətlər və faydalar yatır. Bəşəriyyət Yaradanının əmrlərinə sıx bağlanmalıdır. Çünki səadəti buna bağlı! 
 

İnsanın geyimi, geyim tərzi də  Allah tərəfindən təsbit edilmiş, bu xüsusda bir qisim əmr və qadağalar iradə edilmişdir. İnsanları cüt şəkildə, Qadın və Kişi olmaqla Yaradan Allah; istər kişinin istərsə də qadının geyimində bir qisim hüdudlar cızmışdır. Və qadın üçün də, bu məsələdə Hicabı-örtünməni uyğun görmüşdür.
 

Quranda hicab-örtünmək haqqında xüsusilə diqqət çəkən 2 ayət vardır:

 

1.) Nur surəsinin 31-ci ayəsi.

 

“(Ya  Muhamməd) Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; özlüyündə görünən (əl-üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan – boyun, boğaz, qol, ayaq və s.) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin) ; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini anlamayan uşaqlardan başqasına göstərməsinlər”. Hansı ki, bu surənin 1. Ayəsində belə buyurulur: “Bu, nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz onda aşkar ayələr (dəlillər) nazil etdik ki, bəlkə düşünüb ibrət alsınlar”
 

          2.) Əhzab surəsi, 59-cu ayə:

 

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə, iç əlbisələrinin üzərindən cilbablarını (örtülərini) geyinməklərini söylə! Bu onların tanınıb əziyyət edilməməkləri üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir!”

 

Bu ayə hicrətin 5-ci ilində Mədinədə nazil olmuşdur. Nüzul etmə səbəbi olaraq bu hadisəni nəql edirlər: Bir qisim ədəbsiz münafiqlər, kölə qadınlara sataşarlardı. Vaxtaşırı sair qadınları da kölə zənniylə narahat edirlərdi. Bunların, möminlərin xanımlarını da narahat etdikləri olardı. Niyə belə etdiklərini soruşarkən isə “Biz onları kölə zənn etmişdik” deyərək bəhanələr gətirərdilər. Bu hadisələrin üstünə, müsəlman qadınların örtünmələrini əmr edən bu ayəti kərimə nazil oldu.

 

Bu gün bir qisim təhqiqatçılar da, hicab ayətinin bu səbəblə nüzul etməsindən dolayı, hicabın öz zamanına görə bir zərurət olduğunu, bu gün isə o səbəblərin olmadığı bir zamanda, hicabın da zəruri olmaması fikrini müdafiə edirlər.
 

Halbuki bu ayət-i kərimənin hökmü, nüzul etmiş, yuxarıda zikr etdiyimiz Nur surəsinin məlum ayəti ilə bir daha öz təsdiqini tapmışdır. Və bu iki ayənin hökmü olduqca açıq və dəqiqdir. Örtünmək tək Peyğəmbərin xanımlarına, qızlarına və ya o zamanın mömin xanımlarına deyil; eyni zamanda iman gətirən bütün xanımlara şamil edilmişdir. Çünki Qurandakı Xitab Sahibi bütün bəşəriyyətə xitab etməkdə! Və xüsusilə də, Nur surəsinin 1-ci ayəsində, bu surədəki hökmlərin vacibliyi vurğulanmışdır.

 

Bu gün hər bir kəs qəbul edər ki, qadın və kişi maddi-mənəvi yaradılış baxımından bir-birindən köklü surətdə fərqlidir. Qadınlar yaradılış cəhətindən kişilərdən olduqca zəif və nazik  yaradılmışlar. Belə bir yaradılış isə qadının, ona nisbətən maddi-mənəvi cəhətdən möhkəm xəlq edilmiş olan kişi tərəfindən himayə və mühafizə edilməsi zərurətini doğurur. Lakin bu heç də qadının kişidən aşağı bir məxluq olması anlamına gəlmir. Kişi və qadın bir-birini tamamlayan cüt məxluq olaraq yaradılmışlar. Hüquqi cəhətdən hər ikisi Haqq qatında eynidir. Quran bu faktı riyazi bir uyğunluqla da təsdiqləyir: Kişi və Qadın sözləri hər ikisi Quranda bərabər sayda işlədilmişdir, 23 dəfə. Hüquqi aspektdən, qadın və kişi bərabərdir. Amma yaradılış baxımından, istər fiziki cəhətlə, istərsə də mənəvi cəhətdən kişi qadından daha üstün bir yaradılışa malikdir.

 

Zəif və zərif yaradılmış olan qadının həm maddi, həm mənəvi hüququnu mühafizə etmək üçün Quran qadınlara təsəttürü məsləhət buyurmuş. Çünki onların zəif və zərif xilqətləri hicab ilə, örtü ilə mühafizəni lazım edir. Quranın Təsəttür əmri fitri olmaqla bərabər o şəfqət mədənləri və çox qiymətli bir əbədi həyat yoldaşı ola biləcək qadınları, təsəttür ilə süqutdan, zillətdən və mənəvi əsarətdən və səfalətdən qurtarır. Həm qadınlarda yad kişilərə qarşı fitrətən bir çəkingənlik var. Bu çəkingənlik isə fitrətcə təsəttürü gərəkdirir. Və yad bir kimsənin iştahasını açmamaq və təcavüzünə meydan verməmək üçün, zəif xilqəti Təsəttürü-örtünməni əmr edir. Fitrətən nazik və nazənin olan Qadın bir inci kimidir. İnci isə sədəf içərisində qorunur. Qadının sədəfi isə onun maddi və mənəvi təsəttürü olmalıdır. Və bu xüsusda hicab qadının sanki bir sipəridir.

 

Bu sipər ortadan qaldırılınca isə böyük fəlakətlər baş qaldırır. Bu, yaradılışa zidd bir cinayət işləməkdir. Nəticədə qadının geyimində yol verilən açıq-saçıqlıq digər bir cinayətin meydana gəlməsinə şərait yaradır: zina-fühuş-əxlaqsızlıq! Bir sərhədi olmayan bu açıq-saçıqlıq, onsuz da hissiyyatı pik həddə olan gəncləri qeyr-i əxlaqi hallara təhrik edir. Artıq bu, bərpa edilməsi mümkünsüzləşən digər bir ictimai xəstəliyə, cəmiyyətləri çökdürən mənəvi bir “xərçəng” xəstəliyinin yaranması və yayılmasına zəmin yaradır. Mənəvi və əsl əsarət bu zaman olur: Qadın gözlərin əsarəti altına düşür! Quran da qadınların hörmətini mühafizə üçün, həya pərdəsini taxmasını əmr edir. Ta ki rəzil həvəslərin ayağı altında o şəfqət mədənləri zillət çəkməsinlər. Həvəs aləti, əhəmiyyətsiz bir zinət hökmünə keçməsinlər. Həm ailə həyatı qadın-kişi arasındakı qarşılıqlı hörmət və məhəbbətlə davam edər. Halbuki, açıq-saçıqlıq, səmimi hörmət və məhəbbəti izolə edib ailəvi həyatı zəhərlər.

 

Bu gün Müasirləşmək yolunda hicabı əngəl hesab edənlər, hicabsızlıqdan doğan əxlaqsızlıq və kütləvi “çılpaqlaşma”nın qarşısını ala bilmirlər. Mehmet Akif Ersoy bu həqiqəti necə də gözəl bir şəkildə ifadə etmişdir:

 

Kim demiş Avrupa insanı medeni?

Ne edep var ne haya çırılçıplak bedeni!
Eğer medeniyet açıp saçmaksa bedeni;
Desenize hayvanlar bizden daha medeni!


         Halbuki hicab nə qadının cəmiyyətdəki rolunu azaldar, nə də ki müasirləşməyə bir əngəl təşkil edər. Örtünmək, qadının cəmiyyətə inteqrasiyası yolunda bir maneə, bir əngəl olmadığı kimi; Qərbdə qadının inkişaf etməsinə səbəb də, orada olan qadının örtüsüzlüyü deyildir. Əksinə, Qərbdə qadının örtüsüzlüyündən doğan hal, heyvani hisslərin insani hisslərə qələbə çaldığı, yüksək əxlaqi keyfiyyətlərə malik olmayan, mənəviyyatdan yoxsul, “Həvəslərinin əsiri bir İnsan” modelini ortaya çıxarmışdır. Qərb elmi-texniki cəhətdən inkişaf edərək, bu mövzuda dünyaya bayraqdarlıq etmişdir. Lakin, maddiyyatdakı öncülüyü, Qərb cəmiyyətinə mənəvi səadət bəxş edə bilməmişdir. Ən bariz bir fakt Qərbdə Ailə dəyərlərinin günü-gündən aşılanması, sıradan çıxmasıdır. Və heç şübhəsiz ki, bu fakt birbaşa Qərb cəmiyyətinə hakim olan açıq-saçıqlıq ilə bağlıdır. Açıq-saçıqlıq içərisində itirdikləri iffət, həya, hörmət və mərhəmət duyğusu ilə birgə, bu kimi əsaslar üzərində bina edilən “Ailə” müəssisələri də tənəzzül etmiş...  
 

Hicabın, qadının cəmiyyətə inteqrasiyası yolunda bir əngəl olmadığına dəlil olaraq Hz. Muhammədin (ə.s.m) xanımlarını, o dövrdəki xanım səhabələri göstərmək olar. Peyğəmbərimizin xanımları və adı tarixə keçən məşhur səhabə xanımlar, müsəlmanların ictimai, sosial və siyasi həyatında aktiv rol almışlar. Peyğəmbərimizin xanımı hz. Aişəni (r.a), qızı hz. Fatiməni (r.a) və xanım səhabələrdən Ümmü Ümarəni – Nəsibəni, bu mövzuda nümunə olaraq göstərmək olar. İslam hüquq kontekstində bir qadının, sosial və ictimai işlərdə kişilərdən heç də geri qalmaması tarixi faktlarla da öz təsdiqini tapır. Maraqlanan kimsələr daha dəqiq bilgi əldə etmək istərlərsə islamiyyət üçün meyar – hz. Muhamməd (ə.s.m) və 4 raşid xəlifənin zamanında təşəkkül tapan İslam cəmiyyətini tədqiq edə bilərlər. Hansı ki, o zaman qadınlar təsəttür əmrinə həssas bir şəkildə riayət etmişlər.

  O zaman da, bu gün də, hər hansı bir müsəlman qadının təsəttür geyinməsi, örtülü olması heç də onun cəmiyyətdəki roluna zədə vurmaz, cəmiyyətə sivil inteqrasiyasına mane olmaz, sosial və ictimai həyatdakı aktivliyini azaltmaz. O vaxta qədər ki, müsəlman qadınların hicab geyinməsi kimlərisə narahat etməsin...!

  Bəzən sual edirlər: 18 yaşına çatmayan bir qız uşağına valideynləri və ya qardaşı tərəfindən “icbari” bir şəkildə hicab geyindirilməsi doğrudurmu?

  Dində məcburiyyət yoxdur. Bu Quran ayəsi və İslam tarixi ilə sabit bir düsturdur. Heç kim zorən, məcburi olaraq, icbari bir surətdə islam dininin əmrlərinə itaət etdirilə bilməz!

  Ancaq nə var ki, Valideynlər uşaq üzərində bir tərbiyəçi və belə desək məsul şəxs hökmündədirlər. Uşaq istəmədiyi halda, Valideyn onun əllərindən tutur, məktəbə aparır. Uşaq dərs oxumağa, çalışmaq zəhmətinə və s. alışdırılır. Uşağın əhəmiyyətini idrak etmədiyi, lakin onun inkişafı, mükəmməl bir insan olaraq yetişməsi üçün lüzum kəsb edən başqa əmr və qadağaları da buna misal göstərə bilərik. Heç bir valideyn, uşağın maddi və mənəvi tərəqqisi yolunda xüsusi əhəmiyyət kəsb edən bu şeyləri tətbiq etmək üçün, uşağın 18 yaşına çatmasını gözləməz. Tam tərsinə, bütün bunlar uşağın 18 yaşına daha kamil bir şəkildə çatması üçün atılan təməl addımlar mahiyyətindədir. Həmçinin İslamiyyətdə də. Fitrətə, yaradılışa tam uyğun din olan – İslamiyyətin hökmlərini də, həyata yeni addımlar atan bir uşağa, irəlidə ruhuna daha yatqın olması üçün aşılamaq lazımdır. Peyğəmbərimizin (s.a.s.)bu xüsusda bəzi tövsiyələri mövcuddur.
         Bir qız üçün əhəmiyyətli bir nüans olan – Təsəttür də, hələ uşaq yaşlarından onun üzərində bir tərbiyəçi-pedaqoq hökmündə olan valideynləri tərəfindən, qız uşağına tövsiyə edilməli və uşaq buna alışdırılmalıdır. Bu iş isə icbariyyətdən sayılmaz və sayılmamalıdır!

  Hicaba qarşı çıxmaq və ya hicabı qeyr-i zəruri hesab etmək bir baxıma Quranın haqq olduğunu inkar etmək kimi bir şeydir. Quran – İslam dininin dəyişməz konstitusiyası hökmündədir. 14 əsrdir ki, Quran, İslam cəmiyyətinə mənəvi bir konstitusiya rolunu oynayır. Konstitusiya isə bütün hökmlərinə, külli bir qaydada riayət edilməsi gərəkli olan qanunlar məcmuəsidir. Quran da hər kəliməsi, hər əmri, hər qadağası ilə Allaha məxsus olan Müqəddəs Konstitusiya hökmündədir. Bəşəriyyət Quranın hər əmrinə muhatabdır, hər əmr və hökmünə itaət edib uyması lazım gələn bir vəziyyətdədir. İslam dinini özündən əvvəlki dinlər kimi, məsələn Xristianlıq kimi dəyişdirmək, təhrif etmək, onun hökmlərini mədəniyyətin bir qisim düsturları ilə əvəzləmək də olmaz. Çünki, bu zaman artıq İslamın ruhu zədələnmiş olar! Xristianlıqda, yalnız dinin əsas müddəaları hz. İsadan (ə.s) alınmışdır. İctimai həyat və şəriət hökmlərinə dair əksər ehkamlar Həvarilər (hz. İsanın şagirdləri) və sair xristian ruhani rəisləri tərəfindən təşkil edilmişdi. Hökmlərinin böyük bir qismi keçmiş müqəddəs kitablardan (Zəbur, Tövrat) alınmışdır. Hz. İsa (ə.s) dünyaya hakim və sultan olaraq göndərilmədiyindən və bütün ictimai qanunlara mənbə olmadığından; dininin əsasları üzərinə xaricdən bir libas geydirilmiş kimi, bəzi mədəni düsturlar Onun dininə daxil edilmiş, xristianlığa başqa bir surət verilmişdir. Bu surət dəyişdirilsə, o libas dəyişdirilsə, yenə Hz. İsanın (ə.s) dini daimi qala bilər. Bu, Hz. İsanı (ə.s) inkar və təkzib çıxmaz. Halbuki; din və İslam şəriətinin sahibi olan hz. Muhamməd (ə.s.m) iki cahanın sultanı, şərq və qərb bir səltənəti hökmündə olduğundan; İslam dininin əsaslarını birbaşa özü göstərdiyi kimi, dinin təfərrüatlarını və sair hökmlərini, hətta ən cüzi bir ədəbini də birbaşa O təsbit etmişdir. O xəbər vermiş, O əmr etmiş. Demək İslamiyyətin təfərrüatları dəyişməyə qabil olmayan bir libas hökmündə deyil ki; onlar dəyişsə əsas din daimi qalsın... İslamiyyətin təfərrüatları hökmündəki bütün hökmləri dəyişdirmək ya inkar etmək artıq birbaşa Şəriət Sahibini (Hz. Muhammədi) inkar və təkzib etmək anlamına gəlir.

İslamiyyətin, imanın bəlli şərtləri mövcuddur. Bunlar olmazsa olmaz mahiyyətdədir. Hansı ki, hicab əmri bunlar arasında yer almır. Bir qadının hicab geyinməməsi onun müsəlman olmadığına, imansız olduğuna dəlil sayılmaz. Lakin bu heç də təsəttürün zərurət kəsb etmədiyi anlamına da gəlməz. Hicab, Cümə namazı və s. bu kimi hökmlər bu dinin fərzləri arasındadır. Yuxarıda da qeyd etdiyimiz kimi bəşəriyyət, Quranın bütün əmrlərinə muhatab edilmişdir. Elə isə, Təsəttür, xüsusilə müsəlman bir qadın üçün mükəmməllik yolunda bir zərurətdir. Çünki  qadının yaradılışına, fitrətinə uyğun olan və  Allahın da, iman gətirmiş bir qadına uyğun bildiyi, ondan istədiyi də budur. Qadının, bir parçası olduğu cəmiyyətin hüzur və rifahı bundan asılıdır. Bu isə yerinə yetirilməzsə, Allaha, Onun hökmünə üsyan edilmiş deməkdir. Fitrətə zidd bir addım atılmış deməkdir.

İslam dininin əmrlərinə, qayda-qanunlarına qarşı gələnlər və ya dəyərdən salmaq istəyənlər İslamiyyətə zərər vura bilməzlər. Sadəcə həmin insanlar özləri zərərdədirlər. Və ən əsası da odur ki, hansı səfdə olduqlarını göstərirlər. Quranın səfi və ya Quranın hökmlərinə düşmən kəsilənlərin səfi. Bura bir imtahan dünyası. Ya Cənnətə gedənlərin səfi, ya da Cəhənnəmə gedənlərin səfi...
         Gerisi sizlərin imanına, məntiqinə, insafına həvalə edilir...

 

Sahib Əhmədli

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2433
avatar

Oxşar yazılar