Heyran gədiyinin Aşıq Vəlisi - ƏRDƏBİLDƏN REPORTAJ
24 iyun 2014 14:35 (UTC +04:00)

Heyran gədiyinin Aşıq Vəlisi - ƏRDƏBİLDƏN REPORTAJ

Bu aşığa Ərdəbilin Heyran gədiyində rast gəldik. Bizə doğma musiqiləri ifa etməsi diqqətimizi cəlb etdi. Xahiş etdim, bir ağız da bizim üçün oxudu. Özünün dediyi kimi, Aşıq Ələsgərin məşhur "Yaylaq" qoşmasındakı "yaylaq" sözünü "Heyran" sözü ilə dəyişərək oxuyur. İfadan sonra bir xeyli söhbətləşdik. Özünü aşıq Vəli kimi təqdim edən müsahibimiz heç bir ləşhcə olmadan, təmiz Azərbaycan türkcəsində danışır. Bunun sirrini soruşdum.

 

- Biz türkük, türkcə də danışırıq. Əslində iqlimidir. Məsələn, bu kəndlə o kəndin fərqi var. Kəndbəkənd dolanırıq, gəzirik. Hər yerin öz dilində, ləhcəsində danışırıq.

 

- Bəs, o taydakı Azərbaycana getmisiniz?

 

- Çox getmişəm. Orada seminarlara qatılmışam. 5-ci qurultaya dəvət etmişdilər. Oraya getmişəm.

 

Aşıq Vəlinin 70 yaşı var. 55 ildir ki, sazı ilə diyarbədiyar gəzir. Azərbaycandakı bütün aşıqları tanıdığını deyir.

 

 

Aşıq elin bülbülüdür, təbiətin zinətidir. Allah heç eli aşıqsız eləməsin. Aşığı da elsiz eləməsin.

 

 

Heyran gədiyi Fındıqlı meşəsindədir. Qarşısında Səfəvilər və Xürrəmilərə dair tarixi mənbələrdə adı hallanan Şindan qalası var. Hava dumanlı olduğundan qalanı görə bilmədik. Heyran gədiyindən Azərbaycanın Astara rayonu ovuc içi kimi görünür. Heyran gədiyinə qalxmaq üçün kanatdan istifadə etdik. Kanata Gilanda mindik, Ərdəbildə, yəni dağın başında düşdük. Göz gözü görməsə də, yol boyu Azərbaycanı seyr edirdik.

 

Kanatlarla gəzdiyimiz istirahət mərkəzinin adı da "Heyran"dır.  Mərkəzi idarəçisinin sözlərinə görə, kanatla qət olunan yolun uzunluğu 1732 metrdir. Tikinti işlərinə 6 aydır başlanıb və artıq 30 kabinə turistlərin istifadəsinə verilib.

 

Azərbaycanlı qardaşlarımızı çox sevirik. Onlar buraya gələndə çox sevinirik. İstəyirik ki, gəlsinlər, burada istirahətdən yararlansınlar. 

 

Yuxarıda hava çox sərindir. Ümumiyyətlə, Ərdəbildə olduğumuz müddətdə hər kəs buranın çox unikal havasının olduğunu deyir. Buna özümüz də şahid olduq. Normalda burada temperatur yayda müsbət 12-18 dərəcə, qışda isə mənfi 3 dərəcə olur.

 

Aşağıda və yuxarıda tikinti işləri davam etdirilir. Burada bir neçə restoranın, otelin, əyləncə mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır. Uşaqların əyləncəsinə xüsusi diqqət ayrılıb. Yayın artıq ilk günlərindən ailələr həftə sonları istirahət üçün buraya axışır.  Mərkəz rəhbərliyi ərazini genişləndirməyi və gələcəkdə daha çox xarici turist cəlb etməyi düşünür.

 

 

Yuxarıda özümüzü başqa ölkədə hiss etmədik. Açıq havada bizim də əzbərdən bildiyimiz Azərbaycan musiqiləri səsləndirilirdi. Çıxışda qarşımıza dovşanlarla dolu bir qutu çıxdı. Mən ilk olaraq bunu gələn qonaqlara kəsmək üçün təklif edildiyini düşündüm. Oradakılar mənim bu sualıma çox təəccübləndilər. Qəti şəkildə dovşan yemədiklərini dedilər.

 

Bir də burda kanata minməzdən qabaq tursitlərə şəkil çəkdirməyi təklif edirlər. Yuxarıda şəkli bəyənirsənsə, alırsan. Yəni şəklin çəkilsə də, alıb-almamaq seçimi tam özünə bağlıdır.

 

Gəldiyimiz kanatla geri qayıdırıq. Bizə Şorabil gölünə gedəcəyimizi demişdilər. Bu göl dünyanın ən duzlu göllərindən biridir. Məhz buna görə də adı Şorabildir. Bu təbiət incisi Ərdəbil təbiətinə inad qışın ən soyuq günlərində belə buz bağlamır. Göldə duzlu göllərin vazkeçilməz canlısı olan

artemiya da var. Onun ətrafında olan təbii palçıqların müalicəvi əhəmiyyəti var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557
avatar

Oxşar yazılar