Həkimin “Qızıl qələm” mükafatı
24 noyabr 2015 11:05 (UTC +04:00)

Həkimin “Qızıl qələm” mükafatı

Bu saat hər şey boldur, hər şey başdan aşır. Həkim bol, müəllim bol, şair bol,

alim bol, işsiz bol, dustaq bol.

Özü də deyirlər, guya biz kasıb yaşayırıq bu bolluq içərisində.

Televiziyalarda şoular bol, müğənnilər  bol.

Bax televizora, kef elə, gül, istəyirsən get verilişlərdə otur, qonşuların ürəyini partlat.

Dükanı bol, apteki bol, klinikası bol, xəstəsi bol. Daha nə istəyirsən, bu bolluqda yağ içində böyrək kimi yaşa.

Baxırsan hər yan aptek... Sabir demişkən, “balkon madam, ev madam, bulvar madam, baxırsan hər yan madam”.

Kitabxanalar boşalır olur bank, aptek, dükan...

Şair demiş, “Yaşa özün üçün, gəz özün üçün”.

Amma bəzi şeylərə diqqət eylə.

Məsələn, bir dostun ola, o da jurnalist ola, iş otağının qapısını açıq qoya və gəlib gedənə baxa, bil ki, onun ixtisası həkimdir, ən az 10 il həkim işləyib.

Bir müəllimin ola, o da hey rüşvətin əleyhinə danışa, bil ki, rüşvətxorun yekəsidir.

Bir qız ki, televiziyada ailədən gözəl-gözəl  danışdı, onda bil ki, onun ailəsi yoxdur, ya da gedib qayınanasını döyüb, ərindən də ayrılıb.

Diqqət eylə, bir şair ki, küçədə şeir oxudu, apar qaytar.

Bir katibə ki, müdirin  əvəzinə cavab verdi, məsələ aydındı.

Firma dərmanları xəstəxanaları başına götürüb. Firma işçiləri yaman yaraşıqlı, yerə baxan, ürək yaxan.  Hara getsəm mən onları davranışından, əlindəki çantalarından tanıyıram. Elə  utancaqdılar ki, xəstələrlə  həkimin növbəsinə dururlar guya. Halbuki  xəstələri dinləyirlər, nə düşündüklərini öyrəndikdən sonra hərəkətə keçirlər. Həkimlərə hazır resept verirlər, həkim başına döndüyüm faizlə həmin reseptləri xəstələrə sırıyır, yəni firma dərmanlarını bir ucdan xırıd eləyir.

Üz tutduğun həkimlərin çoxu belə deyir. Mən burdakı “UZİ” həkimlərinə inanmıram. Gedərsən filan klinikaya, Sənubər xanımı soruşarsan. Desələr bu gun işi var, gəlməyib, onda sabahı gözlərsən, mən ancaq ona inanıram. Moskvada kurs bitirib. Allah bu kursları çıxardanın evini yıxsın. Kurs yıxıb bizim evimizi.  Xaricdə iki aylıq kurs oxu gəl,  Azərbaycanı səhiyyəsini qoy böyrü üstə, adını çıxart dur kənarda, xəstələr özü gələcək.  Nə isə, həkim də bu tərəfdən   əl altdan Sənubərə zəng eləyir ki, yanına xəstə göndərdim, sən də mənə göndər.

 

Sonra Sənubərin yanından gəlirsən həkimin yanına, o da resept yazır və bərk-bərk tapşırır ki, bu dərmanlar heç harda olmur, hökmən filan  aptekden al, filan aptek də resepti tanıyır axı. Bilir ki, filankəs göndərib, onun da faiz sayğacı bunu yaddaşa qeyd edir.

Başqa cür də ola bilir, məsələn,  klinikaların qarşısında tibb bacıları səni  elə qarşılayır, elə bil bunlarla 10 il bir yerdə oxumusan. Əlbəttə, onların işi günə muzdu, hər xəstəyə bir manat ödənilir. Söhbət əsasında sənə çox qəşəng bir həkimi məsləhət  görür, adın da belə qoyur ki,  Avropada kurs bitirib. Belə çıxır ki, Avropada  iki aylıq kurs bitirmək bizim Tibb Universitetindən irəlidir. Əlbəttə, bunların da pulu həkim tərəfindən ödənilir. Hər xəstə bir manat.

O günü bir həkimin yanına getmişəm,  başının üstə  Avropa ölkələrindən aldığı sertifikatları var, hətta  bunların içərisində rəhmətlik Oqtay Salamzadənin “təsis” etdiyi “Qızıl qələm” mükafatı da. “Qızıl  qələm” mükafatını görəndə  gülmək məni tutdu, uğunub getdim, sonra  gördüm pis alınır, gülməyi  çevirdim öskürəyə.

Dedim:

- Siz yazıçısınız?

- Yox.

- Şairsiniz?

- Yox.

- Bəlkə publisist, jurnalist?

- Yox, yox...

- Bəs “Qızıl qələm” mükafatını sizə nəyə görə veriblər?

- Bir kurs müalicənin əvəzinə almışam, resept yazdım ki, o saat  portfelindən çıxarıb bu mükafatı  verdi.

Daha heç nə demədim, söhbətin arxasını çevirdim öskürəyə.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar