Hansı rayonların abituriyentləri I qrupa daha çox sənəd verir?
28 yanvar 2014 13:12 (UTC +04:00)

Hansı rayonların abituriyentləri I qrupa daha çox sənəd verir?

“Əvvəlki illərdə olduğu kimi, ötən il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox «Riyaziyyat, fizika və mühəndislik» (I qrup) və «İqtisadiyyat və idarəetmə» (II qrup) ixtisaslarınadır. Azərbaycan bölməsində oğlanların 70,92, rus bölməsində isə 78.94 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib”. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. Komissiya sədri vurğulayıb ki, bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və bu maraq ildən-ilə heç də zəifləmir. “Buna səbəb texniki ixtisaslar qrupunda plan yerlərinin nisbətən çox olmasıdır. Ümumi qəbul planının 31,78 faizi I, 27,67 faizi isə II ixtisas qrupunun payına düşür. Digər səbəb isə I qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır. Statistik təhlil göstərir ki, I ixtisas qrupunun abituriyentləri əsasən bir və ya iki fənn üzrə yaxşı hazırlıq keçir, digər fənlərə isə səthi yanaşırlar. Nəticənin aşağı olmasının başqa bir səbəbi bu qrupun 5 imtahan fənnindən 3-nün çətin hesab olunan və abituriyentlərdən xüsusi təfəkkür, məntiqi düşüncə tələb edən dəqiq və təbiət fənləri ilə bağlı olmasıdır. Bu da abituriyentlərdən hazırlıq dövründə, eləcə də imtahan zamanı sualların cavablandırılmasına digər qrupların fənləri ilə müqayisədə daha çox vaxt sərf etməyi tələb edir. Orta statistik qız abituriyentin özündə humanitar ixtisasları birləşdirən III ixtisas qrupuna istəyi daha yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər həmişə olduğu kimi “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Ancaq rus bölməsinin qız abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir”.

 

M. Abbaszadə vurğulayıb ki, bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın əsasən şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən, respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır. “Belə ki, II qrupda riyaziyyat fənni yüksək çəki əmsalına malikdir, xarici dil fənni üzrə isə regionlardan fərqli olaraq, respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin hazırlıq səviyyəsi yüksəkdir. IV ixtisas qrupunda oğlan və qızların istəkləri bir-birinə yaxın olsa da, qeyd etmək lazımdır ki, bu istəklər ixtisaslar üzrə fərqlidir. Belə ki, burada qızlar tibb ixtisaslarına üstünlük verdikləri halda, oğlanlar daha çox idman ixtisaslarına meyl edirlər”. TQDK sədri onu da vurğulayıb ki, ənənəvi olaraq Bakı şəhərinin Qaradağ rayonu, Siyəzən, Salyan və Neftçala rayonlarının abituriyentləri yüksək faizlə I qrupun ixtisaslarını seçiblər. “Respublikanın ayrı-ayrı bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin də ixtisas qrupları üzrə istəklərinin paylanması müəyyənləşdirilib. Salyan, Siyəzən, Neftçala rayonlarının, həmçinin Qaradağ rayonunun oğlan abituriyentləri yüksək faizlə (uyğun olaraq 69.62%, 67.22%, 66.13% və 64.95%) texniki ixtisaslar qrupunu seçiblər. Əvvəlki illərdəki qəbulun nəticələri də göstərir ki, bu bölgələrdən, eləcə də Bakı şəhəri Suraxanı və Xəzər rayonlarından olan abituriyentlərin texniki ixtisaslara maraqları yüksəkdir və bu, bir ənənəyə çevrilib. Buna səbəb həmin bölgələrdə dəqiq fənlərin, xüsusən riyaziyyat, fizika fənlərinin tədrisi səviyyəsinin yüksək olması, həmçinin texniki elmlərlə bağlılığı olan sənaye müəssisələrinin mövcudluğudur”. M. Abbaszadə onu da vurğulayıb ki, bu il Zərdab, Bərdə, Göyçay, Lənkəran rayonlarının, Gəncə şəhərinin, Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov və Səbail rayonlarının oğlan abituriyentləri iqtisad və idarəetmə ixtisaslarına, Qobustan, Yevlax, Lənkəran, Qusar, İsmayıllı, Füzuli, Saatlı, Lerik rayonlarının, Naxçıvan MR-in Kəngərli və Şərur rayonlarının qız abituriyentləri isə humanitar ixtisaslara daha çox üstünlük veriblər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242

Oxşar yazılar