Dövlət Statistika Komitəsi 2013-cü ilin may ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, mayda ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması müşahidə olunub. İstehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb.
Ay ərzində unun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, əridilmiş pendirin, yağlı kəsmiyin, yumurtanın, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, bananın, alçanın, çiyələyin, kələmin, xiyar və pomidorun, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, xamanın, qarğıdalı yağının, almanın, armudun, göyərtinin, çuğundurun, kökün, soğanın qiymətlərində bahalaşma müşahidə olunub.
Bundan başqa, qeyri-ərzaq mallarından geyimin, inşaat materiallarından sulu və yağlı boyaların, parket üçün lakın, sementin, kəsilmiş taxtaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, tozsoranların qiymətləri ucuzlaşıb.
Ayaqqabıların, inşaat materiallarından nitro boyanın, pəncərə şüşəsinin, ağac yonqar və lifli lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün masa və kətilin, yataq mebelinin, çarpayının qiymətləri də bahalaşıb.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma, ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunub.