Hamlet İsaxanlı ali təhsil islahatlarından danışdı: “Bu, hamının xeyrinədir”
03 fevral 2014 16:49 (UTC +04:00)

Hamlet İsaxanlı ali təhsil islahatlarından danışdı: “Bu, hamının xeyrinədir”

“Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması  tələbələrin ailələrinə müsbət təsir göstərəcək”. Bunu Lent.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı ali təhsil müəssisələrində həyata keçiriləcək islahatlara dair Təhsil Nazirliyi tərəfindən açıqlanan prioritetlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, xarici ölkələrdə olduğu kimi tələbələr kreditlər alarsa, bu onlara kömək edər: “Tək aztəminatlı deyil, orta təminatlı ailələrin də buna ehtiyacı var. Belə ki, hər hansı bir valideyn üçün 2000-3000 min manat illik təhsil haqqını vermək çətin olur. Amma xaricdə olduğu kimi, həmin vəsaiti valideyn bankdan götürüb təhsil haqqını ödəyir və bir ildən sonra, az-az həmin vəsaiti banka qaytarır”.

 

H. İsaxanlı deyib ki, ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərindən biri də təhsilin səviyyəsinin yüksəldilməsidir: “Ali təhsil müəssisələrinin şəffaf, səmərəli mühitdə işləməsi də prioritetlər sırasındadır. Bunları reallaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanmasına gəlincə,  təhsil müəssisələri təhsilin qarşısında dayanan minimum tələbləri yerinə yetirməlidir.  Minimum tələblər daha konkret şəkildə göstərilməlidir”.

 

Professorun sözlərinə görə, prioritetlər sırasında tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi, dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması da nəzərdə tutulub ki, bunlar da vacib məsələlərdən hesab olunur: “Tələbə qəbulu planı həmişə dəqiq olmur. Ali məktəblərin bu işdə iştirakı qeyri-müəyyən qalır. Universitetlər bir də qəbul planı açıqlananda xəbər tuturlar ki, onlarda hansı ixtisas var, hansı yoxdur. Ona görə də bu sahə ciddi yanaşma tələb edir”.

 

Professor maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, ötən il ali məktəblərdə əlavə dəyər vergisinin ləğv edilməsi də bu istiqamətdə atılmış müsbət amillərdən olub: “Amma bu sahədə müəyyən problemlər də var. Məsələn, hər hansısa bir ali məktəb özünə bina tikmək istəyirsə, mütləq mənfəət vergisi verməlidir. Vergilər Nazirliyi də bildirir ki, mənfəət vergisi verilmədən, ali məktəb bina tikə bilməz. Yəni universitet bina tikmək üçün də vergi verməlidir. Halbuki həmin bina tələbələr üçün, təhsilimiz üçündür. Hesab edirəm ki, universitetlərin kampus tikməsi üçün mənfəət vergisi verilməməlidir. Yəni bu məsələ də islahatlarda öz əksini tapmalıdır”.

 

H. İsaxanlı onu da vurğulayıb ki, təhsilalanlara təhsil hüququ izah olunmalıdır. “Bir tələbə ali məktəbə daxil olubsa, tələbənin daxil olduğu həmin məktəbin kitabxanası, laboratoriyası olmalıdır və tələbə keyfiyyətli təhsil almalıdır. Bunlardan hər hansısa birinin olmaması təhsilalanın hüququnu pozur. Bu sahədə də daha maraqlı şəxs təhsilalan olmalıdır. Ümumilikdə təhsil islahatları hamımızın xeyrinə olacaq”.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar