Hacıbala Abutalıbov Bakıda söküntü aparılacaq əraziləri açıqladı - <span style="color:red;">MÜSAHİBƏ
07 iyun 2015 19:13 (UTC +04:00)

Hacıbala Abutalıbov Bakıda söküntü aparılacaq əraziləri açıqladı - MÜSAHİBƏ

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "Yeni Müsavat" qəzetinə müsahibəsi

 

- Binəqədi rayonunda yanan binada təmir işləri ilə bağlı vəziyyət nə yerdədir?

 

- Binada yüksək səviyyədə işlər gedir. 4 aya o mənzillər sahiblərinə təhvil veriləcək.

 

- Xətai rayonunda yanan binanın sakinləri təmir işlərinin keyfiyyətsiz aparılmasından narazıdırlar, siz nəzarət edirsizmi?

 

- Bütün bu deyilənlər yalandır. Orada belə hal yoxdur. Xətai rayonunda yanan binada zərər dəyən mənzillərin sahiblərinə hər birinə 15 min manat kompensasiya verilib, təmir də yüksək səviyyədə aparılır. Gələn ayın sonuna kimi mənzillər sakinlərə təhvil veriləcək.

 

- Yanan binanın sakinlərinə sağlamlığa dəyən ziyana görə kompensasiya nə zaman ödəniləcək?

 

- Nazirlər Kabinetinin bu haqda qərarı var və bütün işlər ona uyğun aparılır. Qərarda belədir ki, zərərçəkmişlərə 20 min manat ödənilsin. Binada 56 mənzil var idi, lakin iki mənzil əlavə olaraq ayrı-ayrı bölündüyü üçün 58 mənzil hesablandı. Bu mənzillərin sahiblərinin hər birinə 20 min manat ödənildi. Xəsarət alanlara, yəni yanğın zamanı xəsarət alması ilə bağlı xəstəxanadan, Səhiyyə Nazirliyindən arayış gətirənlərə 5 min manat, vəfat edənlərin hər birinə görə, ailələrinə 15 min manat ödənilib. Mənzil sahiblərindən 52 nəfəri kompensasiya ilə təmin olunub. 6 mənzil sahibinə  kompensasiya ödənilməsi qalıb. Bunlardan birinə səbəb mənzil sahibi olan qaynana ilə evində qalan oğul və gəlin arasındakı mübahisədir. Onu birinci gün həll etməyi planlaşdırırıq. Qalan 5 nəfərin işi isə vərəsəlik hüququnun bərpası ilə bağlıdır. Vərəsəlik hüququnun bərpası prosesi 6 ay çəkir. 6 ay ərzində kim məhkəmə yolu ilə həmin mənzillərin vərəsəlik hüququnu alacaqsa, bu barədə məhkəmənin verdiyi arayışı aparıb banka verməklə pulunu verə biləcəklər. 

 

-Binaların üzlüklərinin sökülməsi nə zaman yekunlaşacaq və  hansı materialla üzlənməsi nəzərdə  tutulur?

 

- Bakı şəhərində olan binaların hamısından üzlüklər tamamilə sökülüb. İndi Mətbuat prospekti və Ziya Bünyadov prospektində binaların üzlükləri keramika-qranitlə üzlənir, Mətbuat prospektində ağ daşla üzlənən, yalnız eyvanları yanğına səbəb ola biləcək materialdan olan 6 binanın eyvanı betonla üzlənəcək. Nobel prospektində bütün binalar təmizlənib, onların hamısı və digər binalar Almaniyadan, Finlandiyadan və Amerikadan gətirilmiş və xüsusi instruksiya ilə nəzərdə tutulmuş rənglərlə boyadılacaq. İyun ayının 10-a qədər bu işlər yekunlaşmalıdır. Bütün işlər ayın 10-da qurtaracaq.

 

- Bakıda hansı ərazilərin sökülməsi nəzərdə tutulur və nə zaman başlanacaq?

 

- Söküntü işləri artıq başlayıb. Hazırda “Sovetski” adlanan ərazi sökülür. Orada 4 mərhələli sökülmə gedəcək. Birinci, artıq “Sovetski”də söküntü işləri son mərhələyə gəlib çatıb. İkinci, “Nizami” metrostansiyasından İstiqlaliyyət küçəsinə qədər olan ərazi, “Təzəpir” məscidinin ərtafındakı evlərin sökülməsi nəzərdə tutulur. Üçüncü, “Beşmərtəbə”nin yanından Şəmsi Bədəlbəyli küçəsinə paralel olan küçələrdə, Dilarə Əliyeva, Vidadi  küçələrinin sökülməsi nəzərdə tutulur. Sökülən ərazilər yalnız və yalnız yüksək səviyyəli yaşıllaşdırma və istirahət zolaqlarına çevriləcək.

 

- Bakı Avropa Oyunlarına hazırdırmı?

 

- Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq var. Bütün idman zalları və stadionlar, su idman stadionları hamısı Avropa Oyunlarına tam hazırdır. Mən əminəm ki, biz yüksək səviyyədə bu Avropa Oyunlarını başa vura biləcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 123
avatar

Oxşar yazılar