Hacı Əbdul: “Bu yaşda da güləşirəm” - SÖHBƏT
19 iyun 2013 16:08 (UTC +04:00)

Hacı Əbdul: “Bu yaşda da güləşirəm” - SÖHBƏT

Lent.az-ın “Kürsü” rubrikasının qonağı “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdüldür. Yeni yaratdığı qurumun məqsədini açıqlayan Hacı Əbdül gənclərin narkomaniyaya mübtəla olmasından, idmandan, dostluqdan danışır...

 

- Uzun müddət idi ki, fəal deyildiniz. Buna səbəb nə idi?

 

- Biz həmişə fəaliyyətdə olmuşuq. Fəaliyyətimiz “Tövbə” Cəmiyyətində gəncləri düz yola dəvət etmək olub, biz həyatımızı buna həsr etmişik. Əsas işimiz budur. İstəyirik ki, gənclərimiz narkomaniyadan, pis yollardan çəkilsinlər.

 

- Ancaq indi “Vətən Naminə” Xalq Birliyini yaradırsınız. Bu, ictimai fəaliyyətdən siyasi fəaliyyətə keçid deməkdir. Bu siyasi fəaliyyətiniz ictimai fəaliyyətinizlə ziddiyyət yaratmayacaq ki?

 

 

- Yox, bu, daha gözəldir. Siyasi fəaliyyət elə şeydir ki... Çünki gənclərimiz xalq, torpaq, vətən üçün də çalışmaq lazımdır. Baxırsan ki, gənclərimiz şeytanların əlində oyuncağa çevrilir. Deməli, sağlam qüvvə yaradıb, cəmiyyəti sağlamlaşdırmaq lazımdır. Biz siyasi fəaliyyətimizdə gəncləri də qorumaq istəyirik. Söhbət bundan gedir.

 

-  Siz həm də peşəkar güləşçi olmusunuz. “Tövbə” Cəmiyyəti, şəxsən Hacı Əbdül gənclərin idmanla məşğul olmağa həvəsləndirmək istiqamətində hansı işlər görüb?

 

-  “Tövbə” Cəmiyyətinə gələn gəncləri idmana bağlaya bilmirik. Çünki əksəriyyəti xəstə gənclərdir. Mən özüm onlara bir nümunə oluram. Bu yaşımda idmanla məşğul olur, yarışlarda iştirak edir, görüşlər keçirirəm. Bununla da gənclərə mesaj verirəm ki, idmanla məşğul olmaq heç vaxt gec deyil, sağlamlıq həmişə lazımdır. Ancaq tövbə edənləri idmana gətirmək çox ağır prosesdir.

 

- “Tövbə” Cəmiyyətinə gələnlərin əksəriyyəti xəstə olur?

 

- Xəstə olurlar, yəni narkoman, spirtli içkiyə aludə olanlardır. Narkoman birdən-birə idmanla məşğul ola bilməz. Narkomaniyadan, spirtli içkidən uzaqlaşsın, sağlamlaşsın, sonra idmanla məşğul ola bilər.

 

- Gənclər arasında narkomaniyaya meyllənənlər artır, yoxsa azalır?

 

- Nə qədərdir!... Günü-gündən də artır. Bunun qabağını almaq üçün gərək mən özüm iqtidarda olum.

 

- “Vətən Naminə” Xalq Birliyini yaratmaqda da hədəf budur?

 

- Əlbəttə! “Vətən Naminə” Xalq Birliyini yaratmaqda birinci məqsəd iqtidara gəlməkdir.

 

- İdmandan danışmışkən, Azərbaycanda güləş idman növünün inkişafı sahəsində vəziyyət necədir?

 

- Bu gün bizim gözəl güləşçilərimiz var. Ümumiyyətlə, son illər Azərbaycanda idman sahəsi çox inkişaf edib. Bu da səbəbsiz deyil, idmana diqqət yetirən var. Azərbaycanda idman əvvəlki idman deyil, fərq var.

 

- Bəs Azərbaycan yığmasına legioner güləşçilərin cəlb edilməsinə necə baxırsınız? Bu legioner güləşçilər bizə lazımdırmı?

 

- Mən həmişə legioner güləşçilərin əleyhinə olmuşam. Legioner idmançılar niyə cəlb edilirlər? Mən bir idmançı kimi açıq deyirəm, legionerlər bizə lazım deyil. Öz cavanlarımızı yetişdirmək lazımdır. Məhəmməd, Həsən, Hüseyn, Rza güləşsin, legionerlər yox!   

 

- Ancaq legionerlərin yığmaya cəlb olunması ilə bağlı iradlara adətən belə cavab verirlər ki, Azərbaycanda yuxarı çəkilərdə yaxşı güləşçilər yoxdur. Bu arqumenti nə dərəcədə əsaslı sayırsınız?

 

- Yuxarı çəkidə güləşçilərimiz niyə az olur? Güləş elə idman növüdür ki, müntəzəm məşq tələb edir. Bizim yuxarı çəkili idmançılarımız az olduğu üçün onlar zallarda aşağı çəkili güləşçilərlə məşq edirlər. Ona görə də beynəlxalq yarışlarda ağır çəkili güləşçilərlə qarşılaşanda çətinlik çəkirlər. Güləşçi özündən 5-10 kq ağır güləşçi ilə məşq etməlidir ki, öz çəkisi ilə güləşəndə hazır olsun. 

  

- Hazırda ağır çəkidə güləşən güləşçilərimizi tez-tez xarici ölkələrə müxtəlif yarışlara aparmaqla onların daha böyük yarışlara yüksək səviyyədə hazırlaşmalarına nail olmaq mümkündürmü?

 

- Xarici ölkələrə müxtəlif yarışlara tez-tez aparmaqla bir şey çıxmaz. Bu idmançılar zalda, döşək üzərində yetişməlidir. Mən uzun müddət yığma komandada məşqçi işləmişəm. Güləşçi zalda yetişir. Ancaq indi zallarımızda ağır çəkili güləşçilər az olduğundan bu çəkilərdə yüksək səviyyəli güləşçilər yetişə bilmir. Öncə də dedim, zalda aşağı çəki ilə güləşirlər, beynəlxalq yarışlarda öz çəkilərində güləşçi ilə qarşılaşanda isə çətinlik çəkirlər.

 

- Yeri gəlmişkən, güləşlə məşğul olmuş, məşqçi işləmiş insan üçün qarşısındakı insanın hansı potensiala malik olduğunu müəyyənləşdirmək çətin deyil. Bu yaxınlarda keçmiş daxili işlər naziri İsgəndər Həmidov gəncliyində aktyor Rasim Balayevi bir yumruqla “Volqa” maşınının altına soxduğunu söyləmişdi. Necə fikirləşirsiniz, İsgəndər Həmidov bunu bacarardımı?

 

- O günü, o məqamı görməmiş bir söz söyləmək çətindir. İnsanın elə bir məqamı olur ki, vurub yumruğu ilə divarı deşir. Yəni məqamlar olur.

 

- Bu sualı ona görə verdim ki, siz şəxsən İsgəndər Həmidovla qabaqlaşmısınız, gücünü bilirsiniz.  

 

- Biz bir-birimizə güc göstərmək istəməmişik.

 

- Ancaq sizin həmin vaxt İsgəndər Həmidovu fəndə saldığınızı eşitmişik.

 

- Biz bir-birimizə güc göstərmək istəməmişik. Əgər İsgəndər Həmidov güc göstərmək istəyibsə də, bu, onun səhvidir. Çünki İsgəndər Həmidovla cavanlığımız bir yerdə keçib, biz dost olmuşuq. Bizim dostluğumuz indi də davam edir, bizim dərd-sərimiz də bərabərdir. Ola bilər ki, İsgəndər Həmidovun elə vaxtı olub ki, o gücü olub, Rasim Balayev isə həmin vaxt nərmə-nazik bir oğlan olub. Həm güc, həm vaxt, məqam məsələsi var.

 

- “Vətən Naminə” Xalq Birliyini yaratmaqla bağlı İsgəndər Həmidovla danışmışdınızmı?

 

- Yox, bu barədə danışmamışıq. “Vətən Naminə” Xalq Birliyi bu gün elan olunub. Yəqin ki, xəbəri olacaq və görüşəcəyik. Bu barədə İsgəndər Həmidovla danışmaq olar.

 

- Ayaz Mütəllibovun qızğın tərəfdarlarından olmusunuz, ötən illər ərzində də arxasınca danışmamısınız. Ayaz Mütəllibovun belə bir təşkilat yaratmağınızdan xəbəri varmı?

 

- Ayaz Mütəllibovun xəbəri yoxdur. Çünki Ayaz Mütəllibov özü siyasətdən uzaqlaşdığını deyib. Onu yenidən siyasətə salmaq nə dərəcədə düzgün olar? Biz ona də bilmərik ki, yenidən siyasətə qayıt.

 

- Mütəllibovla şəxsi münasibətləriniz, dostluğunuz nə yerdədir? Görüşürsünüzmü, bir-birinizi axtarırsınızmı?

 

- Bir-birimizi axtarmamışıq. Ancaq haradasa qarşılaşanda görüşmüşük.

 

- İnsani münasibətləriniz, qarşılıqlı hörmətiniz qalıbmı?

 

- İnsani münasibətlərimiz, qarşılıqlı hörmətimiz əvvəlki səviyyədədir.

 

- Ümumiyyətlə, Hacı Əbdülün günü necə keçir?

 

- Məsciddə və evdə oluram.  

 

- Əvvəllər sizi “Space” telekanalının qarşısındakı çayxananızda da tez-tez görərdik. O çayxana məsələsinin sonu necə oldu?

 

- Çayxanadan sonra ancaq məsciddə və evdə oluram. Həmin çayxanaya gəlincə, bütün sənədi-sübutu vardı. Bir məmur vardı, dedi ki, bu çayxananı mənə sat! Satmayacağımı söylədim. Dedi ki, satmasan, mən də oranı dağıtdıraram. Dağıtdırdı!

 

- Məhkəməyə müraciət etdinizmi? Məsələn, Avropa Məhkəməsinin mülkiyyət məsələsinə həssas yanaşdığı bildirilir.

 

- Yox. Mən kənara şikayətə bir az yaxşı baxmıram, evin içidir.

 

- Bəs hazırda necə dolanırsınız?

 

- Şükür Allaha, dolanışığım pis deyil, dolanırıq.

 

 

- Tutaq ki, mən jurnalistəm, işləyib maaş alıram. Bəs siz nə edirsiniz?

 

- Pensiya alıram.

 

- Keçmiş idmançı kimi?

 

- Yox, sadəcə pensiya alıram. Deputatlıq pensiyasını bizə vermədilər. Müstəqilliyə qol çəkən biz, bu pensiyanı bizə şamil etmədilər. Yaxşı, biz müstəqilliyə birinci imza atmışıq, səs vermişik, niyə bizə şamil olunmasın?!  

 

- Həyatınızda müxtəlif mərhələlər olub, deputat olmusunuz. Dostlarınızın sayı həyatınızın müxtəlif mərhələlərində azalıb, yoxsa artıb?

 

- Dostlarım adi insanlardır, deputat olanda da, bu gün də dostlarım çoxalıb ki, azalmayıb. Çünki mən öz əqidəmdə qalmışam. Düşmənlərimin də, məni istəməyənlərin də əksəriyyəti mənimlə dostdur...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Oxşar yazılar