Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Müdafiə Nazirliyinin xətti ilə 2013/2014-cü tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə tələbə qəbulu elan edib.
Təbələ Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə 2013-ci ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqə əsasında 10 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Müdafiə Nazirliyinə göndəriləcəkdir. Müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 2 nəfər namizəd Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək. Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. 1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 30-u və 31-i TQDK-ya müraciət edə bilərlər.