İmran Abdullayev: “Günəş altında 1 saat belə qalsa, bu, insan orqanizmi üçün təhlükəli qidaya çevrilməsi üçün kifayətdir...”
Azərbaycanda Kürdəmir, Yevlax və Mingəçevirdə şoselərin ətrafında müşahidə edilən qanunsuz balıq satışı ilə mübarizə aparmaq müşkülə çevrilib.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, yol kənarında satılan balıqların təzəliyinə, keyfiyyətli olmasına heç kim zəmanət verə bilməz.
İmran Abdullayev bildirib ki, dondurulmamış balıq Günəş altında 1 saat belə qalsa, bu, balığın xarab olması, insan orqanizmi üçün təhlükəli qidaya çevrilməsinə kifayət edir. Onun sözlərinə görə, həkimlər də yol kənarında balıq satışına müdaxilə edə bilmir: “Bu insanlar tilovla, torla balıq tutur, sonra da balıqları yol kənarında satmağa başlayırlar. Balıqların soyuducuda soyudulmadan satılması yolverilməzdir. Məsələnin bir mürəkkəb tərəfi də var. Tutaq ki, Avropa ölkələrində ov edən şəxs sahibkar sayılmır. Azərbaycandan fərqli olaraq, Avropada belə insanlar satışla da məşğul olmurlar. Həm də Azərbaycan qanunvericiliyində müəyyən edilməmiş yerlərdə satış qadağan edilsə də, belə yerlərdə satışla məşğul olan şəxslərə qarşı tədbirlər əksini tapmayıb. Belə olan halda qanunla səlahiyyət verilməyən həkim nə edə bilər? Tutaq ki, həkim yol kənarında balıq satan şəxsdən şəxsiyyət vəsiqəsi tələb etdi, o da şəxsiyyət vəsiqəsi təqdim etməkdən imtina etdi. Belə olan halda həkim heç bir tədbir görə bilməz. Mağazalarda, istehsal müəssisələrində yoxlamalar aparılarkən müvafiq addımlar atmaq olur, çünki onların VÖEN-ləri, sənədləri var”.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri çıxış yolunu ərazi üzrə bələdiyyələrin, polislərin bu kimi hallarla mübarizə aparmasında görür. Ancaq hesab edir ki, polisin də bu işə qarışması üçün səlahiyyətinin olması lazımdır. İmran Abdullayev müvafiq orqanlar bu sahədəki məsələləri tənzimləməyi nəzərdə tutan qanun layihəsi hazırlayarsa, rəy və təkliflərini bildirəcəklərini söyləyib.
İmran Abdullayev onu da bildirib ki, iki gündən sonra Bakı, Abşeron, Sumqayıt, Gəncə, Lənkəran və digər şəhər və rayonlarda hisə verilmiş balıqlarla bağlı mağaza və istehsal müəssisələrində monitorinqlər başlayacaq: “Seçmə yolu ilə mağazalar seçiləcək, çünki hisə verilmiş balıqlar əksər mağazalarda satılır. Yoxlamalar bu ayın sonuna qədər davam edəcək”.