Əslində təqvimdə gənclərin özünə aid bir günün olması nə xoşdu.
Bəlkə bu kateqoriyaya aid olanlardan heç çoxunun bu gündən xəbəri
belə yoxdur. Bəlkə də gənclərin böyük bir kəsimi qarası ağına, acısı
şirininə qarışmış bu günümüzdə hansısa günü xüsusi qeyd etməyə
heç ehtiyac da duymur. Ancaq o da həqiqətdir ki, hansısa problemi
həll eləmək, kiminsə qarşılaşdığı çətinliklərə diqqət yetirmək üçün
bizə mütləq təqvimə salınmış bir gün lazımdır. Biz bineyi-qədimdən
belə vərdiş eləmişik. Kədərimizi də, sevincimizi də rəsmiləşdirməyə,
müəyyən çərçivəyə salmağa, ömrünü qısaltmağa öyrəncəliyik. Gənclər
günündə uzun illər təkrar-təkrar eşitdiyimiz, təsdiq əlaməti olaraq
qiymətli başımızı ağır-ağır tərpətdiyimiz əbədi şuarlar da var.
Gənclər bütün inqilabların, dəyişiklərin hərəkətverici qüvvəsi,
öndəgedənidir – bunu bilirik.
Gənclər – işıqlı gələcəkdi, nurlu sabahdır – bu da bəlli.
Gənclər – həm də bu gündü, bu günümüzün qoruyucusu,
yaradıcısıdı – etiraf edək ki, bunu da çox eşitmişik.
Bu siyahını dünənimizin yaxın dostu, buyur-buyurla süfrəmizin başına
keçirtdiyimiz aləmi- məşhur Qıdı Kirvənin nimdaş dəsmalı kimi
uzatmaq da olar. Heç şübhə eləməyin, dartdıqca uzanacaq.
Əslində bu şuar-fikirlərin arxasında bir az ümidsiz, bir az yorğun-
arğın, bir az da ürkək-ürkək boylanan, kədəri sevincini üstələyən
gəncliyin boz, ifadəsiz üzünü görmək üçün elə də fərasət və sözün hərfi
mənasında uzaqgörənlik tələb olunmur. O sifəti siz də görə bilərsiniz.
Uzağa getməyin, yan-yörənizə, böyür-başınıza həmişəkindən bir az
diqqətlə baxın! Gördükləriniz bu günümüzün gerçəkliyidir. Gələcəyinə
böyük ümidlər bəslədiyimiz gəncliyimizin içərisində özünü şüurlu
şəkildə elmə-ürfana həsr eləyəni də var, sevğilisini qoluna taxıb,
səhərdən axşamacan şəhəri veyil-veyil dolaşanı da, iki qəpikçün
tolkuçkada özündən əksiklərin pencəyini tutanı da var, qul bazarında
boynunu büküb iş gözləyəni də.
Gəncliyi ənənəvi yanaşma üsullarından istifadə edib birmənalı şəkildə
yaxşı və pis, xeyir və şər, savadlı və savadsız, fərasətli və mağmın
kimi kateqoriyalara bölmək fikrindən uzaq olsam da, bu günümüzün
paradoksal realıqlarının heç də ürəkaçan olmadığını deməyə borcluyam.
Bütün ali sənədlərində sosial ədalətə təminat verən bir quruluşdan
digərinə keçiddə təkcə dünyaya baxış prizması, mənəvi və bədii
dəyərlər dəyişmədi. Həm də insanların həyat tərzi və yaşayış prinsipləri
dəyişdi. Elə bu nöqtədən də bütün mənəvi və əxlaqi dəyərləri ikinci
plana itələyən varolma, mövcudluq uğrunda mübarizə başlandı. İqtisadi
çətinlikləri müəyyən qədər unutduran Qarabağ müharibəsi isə gəncliyə
növbəti zərbə vurdu. Vaxtilə Uralda, Baykal- Amur Magistralında,
neçə- neçə əmək cəbhəsində Fərhad kimi külünğ çalan gəncliyin
öhdəsinə bu dəfə daha ağır bir cəbhədə, müharibədə Vətəni qorumaq
düşdü.
Yəqin elə buna görə də bu günkü gəncliyin nəinki xarüqələr yaratmağa,
fələyin çərxini geri fırlatmağa, heç mikrorayon tikməyə də həvəsi
yoxdu. Bu günümüzün gəncliyini bütün dövlərin əzəli və əbədi problemi
olan atalar və oğullar kimi bəşəri problem də maraqlandırmır. Əslində,
buna görə gəcliyi qınamağa dəyərmi, bilmirəm. Taleyinə şəhidlik,
qazilik yazılmış bu nəsli torpağına qan çilənmiş Vətəni işğaldan,
gəncliyi ağır və məsuliyyətli bir yükdən qurtarmaq düşündürür.
Razılaşın ki bu, bəşəri suallar üzərində baş sındırmaqdan daha çətin və
şərəflidi.
Gənclər günü
1480