Gəncə Dövlət Universitetində “Sabah” qrupunun təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov açaraq, tədbirin mahiyyəti barədə məlumat verib. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, bu cür qrupların yaradılması təklifi müəllimlərin sonuncu qurultayında təhsil naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilib. O qeyd edib ki, adıçəkilən qruplarla bağlı qısa müddətdə xeyli işlər görülüb. “Azərbaycan iqtisadiyyatı bu gün inkişaf edir, ona görə də ölkəmizə güclü kadr potensialı lazımdır”.
Nazirlik rəsmisinin sözlərinə görə, Təhsil Nazirliyi kadr potensialını “Sabah” qrupları vasitəsi ilə həll etmək istəyir.
“Bu cür qrupların yaradılması Azərbaycanda bazarın tələblərinə xidmət edəcək. Bura 30-dan artıq universitetin 20 minə yaxın tələbəsi qatılacaq”.
Daha sonra çıxış edən nazirliyin sektor müdiri Sülhəddin Gözəlov vurğulayıb ki, 8 baza-universitetdə yaranacaq bu qruplarda tələbələr 53 ixtisas qrupunda təmsil olunacaq. “Bu ixtisaslara ölkə üçün prioritet ixtisaslar - sənaye, təhsil və digərləri daxildir. İlk olaraq növbəti tədris ilində 1300 tələbə II kursdan SABAH qruplarında təhsil ala biləcək. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq. “SABAH” qrupunun tələbələri üçün həm tədris fərqli olacaq, həm də əlavə imkanlar yaradılacaq”.
Nazirliyin sektor müdiri Cəsarət Valehov isə qeyd edib ki, “SABAH” qrupu Azərbaycanda ali təhsilin brendidir: “Bu cür qrupların məqsədi bacarıqlı, savadlı kadrların yetişdirilməsidir.
Hazırda tədbir davam edir. Nazirlik rəsmiləri Gəncədə yerləşən ali məktəb tələbələrinin suallarını cavablandırır.