Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbul zamanı Mingəçevir, Gəncə, Naftalan şəhərlərinin, Goranboy, Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarından olan 70 nəfərə yaxın sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb.
Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunub. Nazir digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.