FHN-in Bakı Regional Mərkəzi Yasamal İcra Hakimiyyətində müşavirə keçirdi
07 aprel 2015 10:21 (UTC +04:00)

FHN-in Bakı Regional Mərkəzi Yasamal İcra Hakimiyyətində müşavirə keçirdi

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Yasamal Rayon İcra Hakimiyyəti (RİH) və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.


 

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Yasamal RİH-in əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

 

Tədbirdə giriş sözü ilə çıxış edən Yasamal RİH-in başçısı İbrahim Mehdiyev Birinci Avropa Oyunları ilə bağlı Yasamal rayonunda aparılan hazırlıq və abadlıq işləri, bu sahədə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər aidiyyəti təşkilatların birgə fəaliyyət istiqamətləri barədə məlumat verib.

 

FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr” mövzusundakı təqdimatında bildirib ki, müşavirənin işçi sənədləri hazırlanarkən, irimiqyaslı idman yarışları keçirmiş bir çox ölkələrin mülki təhlükəsizlik tədbirləri təhlil edilib, bu təhlillər əsasında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. müəssisələrin birgə mümkün fəaliyyətinin 14 istiqaməti müəyyən olunub. Natiq bu istiqamətləri bir-bir şərh edərək, aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışıb.

 

BAOƏK-in qrup meneceri Karin Halifa Təhlükəsizlik Departamentinin fəaliyyəti, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlərdən söhbət açıb.

 

Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.

 

Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Oxşar yazılar