Kimlər peşə məktəbindən universitetə imtahansız qəbul ola bilərlər?  - İXTİSASLAR
13 may 2025 17:03 (UTC +04:00)

Kimlər peşə məktəbindən universitetə imtahansız qəbul ola bilərlər? - İXTİSASLAR

İllərdir kollec məzunları heç bir imtahan vermədən subbakalavr kimi ali məktəbə qəbul olurlar. Lakin bəzən elə olur ki, abituriyentlər kollec üçün nəzərdə tutulan balı belə, toplaya bilmir və həvəsdən düşür, bir daha hazırlaşıb ali məktəbə qəbul olmaq istəmir.

Lent.az xəbər verir ki, kollecə qəbul üçün balı yetməyən, lakin  yüksək texniki peşə məktəbinə qəbul olanlar heç bir imtahan vermədən universitet tələbəsi ola bilərlər.

Peşə təhsil müəssisələrində ilk peşə, texniki peşə və yüksək texniki peşə olmaqla üç istiqamətdə ixtisaslaşma aparılır. 

Peşə məktəbində oxuyanlar ixtisasının yüksək peşə təhsilinə aid olduğunu necə bilməlidirlər?

Əgər şəxs 11 illik bazadan qəbul olaraq 3 il,  9 illik bazadan isə peşə məktəbinə qəbul alaraq 4 il oxuyubsa, deməli, o, yüksək texniki peşə təhsili alıb. 

Yüksək texniki peşə təhsilini bitirən şəxslər hansı ixtisaslar üzrə ali məktəbə qəbul ola bilərlər?

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə mühasibat uçotu oxuyanlar bakalavriat pilləsi üzrə mühasibat, maliyyə və iqtisadiyyat üzrə oxuya bilərlər;

Media və audiovizual texnologiyaların istismarı üzrə peşə məktəbində oxumuş şəxslər, operator sənəti, kommunikasiya və rəqəmsal media;

Saç kəsimi və gözəllik xidmətlərinin təşkili ixtisasını oxuyanlar, bakalavriatı biznesin idarə edilməsi üzrə;

Avtomatika sistemlərinin istismarı üzrə peşə təhsili alanlar bakalavriatda proseslərin avtomatlaşdırılması mühəndisliyi və mexatronika və robottexnika mühəndisliyi üzrə;

Veb-dizayn və proqram təminatı üzrə peşə təhsili almış məzunlar kompüter mühəndisliyi və informasiya texnologiyaları üzrə;

Kibertəhlükəsizlik ixtisasından məzunlar isə bakalavriatda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi üzrə;

Kompüter sistemlərində proqramlaşdırma üzrə peşə təhsili alanlar bakalavriat üzrə kompüter mühəndisliyi, informasiya texnologiyaları üzrə;

Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı üzrə peşə məktəbi oxuyanlar bakalavriatda kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları üzrə;

Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi ixtisası üzrə oxumuş peşə məktəbi məzunları bakalavriat səviyyəsində turizm işinin təşkili, biznesin idarəedilməsi üzrə;

Kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı üzrə oxumuş peşə məktəbi məzunları nəqliyyat mühəndisliyi və aqromühəndislik üzrə;

Baytarlıq və heyvandarlıq işi üzrə oxumuş peşə məzunları baytarlıq təbabəti və zoomühəndislik üzrə;

Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı üzrə  oxuyan yüksək tezniki peşə məktəbi məzunları elektrik və elektronika mühəndisliyi və energetika mühəndisliyi üzrə;

Elektronika və kommunikasiya sistemlərinin istismarı ixtisasından məzun olanlar elektrik və elektronika mühəndisliyi və kommunikasiya sistemləri mühəndisliyi üzrə;

Sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı məzunları mexanika və mexanika mühəndisliyi üzrə;

Proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı üzrə təhsil almış peşə məktəbi məzunları mexanika və mexanika mühəndisliyi üzrə;

Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə) məzunları bakalavriat səviyyəsində nəqliyyat mühəndisliyi üzrə;

Moda dizayn ixtisası məzunları bakalavrda dizayn (sahələr üzrə);

İnteryer dizayn ixtisası məzunları bakalavrda dizayn (sahələr üzrə) və memarlıq üzrə;

Binaların tikintisi və istismarı ixtisasında oxumuş peşə məktəbi məzunları isə inşaat mühəndisliyi və kommunikasiya sistemləri mühəndisliyi üzrə bakalavra imtahansız qəbul  ola bilərlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar