Sabah - 5 iyun Ümumdünya Ətraf Mühit Günüdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başlayıb.
Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anlayıblar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıb. 5 iyun 1972-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Bu il də Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Nazirlik tərəfindən Bakı-Qazax və Bakı-Quba magistral avtomobil yollarının ətrafında salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədilə iməciliklər keçirilib, eyni zamanda respublikanın rayonlarında da ictimaiyyətin iştirakı ilə bu kimi tədbirlər təşkil olunub, yaşıllıqlara qulluq edilib. O cümlədən bir sıra ərazilər məişət tullantılarından təmizlənib. Bununla yanaşı, 5 iyun Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə ali təhsil müəssisələrinin tələbə və müəllim kollektivi ilə görüşlər keçirilib.