Əmək Müfəttişliyi: "Tikintidə bədbəxt hadisələrin qarşısını tamamilə almaq mümkün deyil"
29 aprel 2014 18:19 (UTC +04:00)

Əmək Müfəttişliyi: "Tikintidə bədbəxt hadisələrin qarşısını tamamilə almaq mümkün deyil"

Ötən il Azərbaycan istehsalat qəzalarında 71 nəfər ölüb

2013-cü ildə Azərbaycanda istehsalat sahəsində 155 bədbəxt hadisə qeydə alınıb. Bu hadisələr zamanı 71 nəfər ölüb, 120 nəfər müxtəlif xəsarətlər alıb. Bu barədə APA TV-də yayımlanan  "Sosium" verilişində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Əmək Müfəttişliyinin rəis müavini  Məhərrəm Məhərov məlumat verib.

 

Onun sözlərinə görə, bu gün neqativ hallar əvvəlki illər qədər olmasa da, tikintidə bədbəxt hadisələrin qarşısını tamamilə almaq mümkün deyil: "Bütün dünyada belədir. Çalışırıq bədbəxt hadisələr zamanı ölüm hallarını minimuma endirək. Əməyin mühafizəsi ilə bağlı son illər daha ciddi addımlar atırıq. Bir neçə gün əvvəl Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar  nazirlikdə böyük tədbir keçirildi. İşçilərin və işəgötürənlərin diqqətini əməyin təhlükəsizliyinə yönəltmək üçün bukletlər paylanıldı, iş yerlərində maarifləndirmə işləri aparıldı, təbliğat daha da gücləndirildi".

 

Bu ilin birinci rübündə əməyin mühafizə qaydalarının pozulması, əmək müqavilələrinin bağlanmaması və digər səbəblərdən işə götürənlərin ümumilikdə  1 milyon 50 min manat cərimə olunduğunu deyən müfəttişliyinin rəis müavini bildirib ki, qurumun səlahiyyətləri xeyli artırıldığından nəzarət daha da gücləndirilib: "İnzibati Əmək Məcəlləsinin 11 maddəsi üzrə cərimələri biz təyin edirik. Bizə bir sıra səlahiyyətlər verilib. Fikrimcə, cərimələr kifayət qədərdir. Məsələn, əməyin mühafizə qaydalarının pozulmasına görə işəgötürənlər, vəzifəli şəxslər 2-3 min manat cərimə ödəyir. Əvvəlki illərlə müqayisədə üstünlüklər, üstün fərqlər çoxdur. Artıq sahibkarların əksəriyyəti özləri bu məsələlərlə dərindən maraqlanırlar".

 

Müfəttişlik rəsmisi bildirib ki, Azərbaycan sovet dövründəki qədər kimyəvi maddələrlə işləyən zavod və müəssisələrin sayı çox olmasa da, təhlükə qaçılmazdır: "Elə müəssisələr var ki, orada işləyənlər istər-istəməz kimyəvi təsirə məruz qala bilərlər. Ona görə də qabaqlayıcı tədbirləri gücləndiririk. Neftayırma və neft sənayesini, aqrokimya sahələrini əhatə edən irili-xırdalı müəssisələr var. Belə yerlərdə işçilərin daha çox maarifləndirilməsinə və təhlükəsizlik qaydalarının gücləndirilməsinə ehtiyac var".

 

Azərbaycanda hələ də bəzi müəssisələrdə həmkarlar təşkilatının olmamasından gileylənən  Məhərrəm Məhərov deyib ki, hər bir müəssisə və təşkilatlarda 6-7 nəfər bir yerə toplanmaqla həmkarlar təşkilatı yarada bilər: "Bu işçilərin qanuni haqqıdır və heç kəs, heç bir vəzifəli şəxs bu prosesin qarşısını ala bilməz. Alarsa, məsuliyyətə cəlb edilə bilər. Həmkarlar ittifaqını işçilər özləri yaradır, özləri formalaşdırır, burada hər hansı məcburiyyətdən söz gedə bilməz. İşçilər həmkarlar ittifaqlarının üzvü olmaqla öz hüquqlarını qoruyurlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741
avatar

Oxşar yazılar