Prezident İlham Əliyev, həmçinin, dövlət və hökumət nümayəndələri Respublika Veteranlar Şurasının sədri Əlövsət Məmmədşah oğlu Baxışovun vəfatı ilə bağlı neqroloq imzalayıblar. Lent.az-ın məlumatına görə, neqroloqda deyilir: “Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Respublika Veteranlar Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əlövsət Məmmədşah oğlu Baxışov 2013-cü il iyun ayının 3-də ömrünün 91-ci ilində vəfat edib. Əlövsət Baxışov 1923-cü il martın 3-də Quba rayonunun Amsar kəndində anadan olub. 1942-ci ildə orta məktəbi və müəllimlik kurslarını bitirdikdən sonra bir müddət Qubanın Xanəgah kənd məktəbində dərs deyib. O, 1943-cü ildə hərbi xidmətə çağırılıb, İkinci Dünya müharibəsindən sonra 1950-ci ilin mart ayınadək ordu sıralarında qulluq edib.
Əlövsət Baxışov 1952-ci ildə Müəllimlər İnstitutunun tarix fakültəsini, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, 1958-ci ildə Bakı Ali Partiya Məktəbini, 1978-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Ordudan tərxis olunduqdan sonra Əlövsət Baxışov 1950-1951-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində çalışıb. 1951-1952-ci illərdə Quba Rayon Komsomol Komitəsinin birinci katibi olub. Sonrakı dövrlərdə o, partiya və sovet orqanlarında müxtəlif vəzifələr tutub. 1952-1953-cü illərdə Quba Rayon Partiya Komitəsinin katibi, 1953-1954-cü illərdə Quba Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, 1958-1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı və məsul təşkilatçısı olub. O, 1959-1979-cu illərdə Dəvəçi, Şamaxı, Masallı və Gədəbəydə Rayon Partiya Komitəsinin birinci katibi seçilib. 1979-cu ildən etibarən kənd təsərrüfatı sahəsində çalışmağa başlayan Əlövsət Baxışov 1992-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində baş idarə rəisi vəzifəsində işləyib.
1992-ci ildən etibarən Əlövsət Baxışov öz həyatını Azərbaycan Respublikası Veteranlar Şurası ilə bağlayıb. O, burada ayrı-ayrı vəzifələri tutmuş, o cümlədən daimi komissiya sədri, məsul katib və sədrin birinci müavini kimi çalışıb, 2008-ci ildə isə həmin təşkilatın IV qurultayında Şuranın sədri vəzifəsinə seçilib. Onun sədrlik dövrü gənclərin vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqətin göstərilməsi, Şuranın həm ölkədaxili fəallığı, həm də MDB və dünya veteranlar şuraları üzrə əlaqələrinin genişləndirilməsi ilə səciyyələnib. Əlövsət Baxışov harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, öz işinə böyük məsuliyyət hissi ilə yanaşmış, yüksək işgüzarlıq və gözəl təşkilatçılıq qabiliyyəti nümayiş etdirib.
Əlövsət Baxışov daim ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Əlövsət Baxışovun fəaliyyəti dövlət tərəfindən həmişə layiqincə qiymətləndirilib. O, müxtəlif orden və medallarla təltif edilib, müstəqil Azərbaycan Respublikasının ali təltifi olan “Şöhrət” ordeninə layiq görülüb.
Tanınmış ictimai xadim, xeyirxah və təvazökar insan Əlövsət Baxışovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasi-zadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Səfər Əbiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əli Həsənov
İsmət Abasov
Fəttah Heydərov
Mübariz Ağayev
Surxay Tağızadə