Siz heç internet adam görmüsüz? Biz görmüşük. Tanıyırdıq, amma canlı da görmək istədik. Zəngləşdik, danışdıq, bizimlə çay içmək təklifinə növbəti iş həftəsindəki görüşlərin arasında bir saat vaxt ayırdı və budur, AzNet-in qəhrəmanı Elnur Baimov danışdığımız vaxtda köməkçisi ilə gəldi. Biz – kinoçumuz Aygün Aslanlı, neftçimiz Turac Hacızadə və mən salamlaşırıq... Açığı bu günə qədər belə salamlaşma qismətim olmamışdı. Üzümə verilən salamı rəsmən oxuyuram. Necə? Elnur müəllim əlini uzadıb “Salam” deyir, sol tərəfində dayanan sarışın, çox yaraşıqlı xanım olan köməkçisi internet adamın salamını iki nöqtə bir bağlanmış mötərizə ilə, yəni təbəssüm smayliki ilə tamamlayır. Yəni adam bu qədər virtualdır. Üz-üzə söhbətimizdə də çatda yazışdığımızı hiss edirik. Çünki heç bir emosiyasını bəlli etmir. Sanki aldığın cavabların yanında bir profil şəkli dayanıb. Buyurun, internet insanı siz də tanıyın.
ŞƏFFAF İNSAN
Vüsalə: Burda olduğunuzu facebookda işarələdiz?
- Çatdırmadım. Elə şəkil çəkmək istəyirdim ki, siz zəng etdiz. Amma “tag” etsəydim, sizi də “tag” edəcəkdim.
Vüsalə: Mən bu “tag”in fəlsəfəsini başa düşə bilmirəm...
- Başa salım də... Deməli, əgər mən ordayamsa ora yaxşı yerdir. Facebookda “tag” etməklə o yeri dostlarıma da məsləhət görürəm. Sonra orda müzakirələr başlayır: biri deyir yaxşı yerdir, o biri deyir servis yaxşı deyil, qiymət bahadır...
Vüsalə: “Bağ mövsümü” filmində (Profilini göstər deyim kimsən. Facebook profilindən Azərbaycan filmlərini sevdiyini bilirəm) belə fikir var: “Gərək kişi Qusarda olanda evdə elə bilsinlər ki, Şamaxıdadır”. Bu “tag” məsələsi o fəlsəfəni darmadağın edir axı...
- Yox. Mən onsuzda çox şəffaf həyatı olan bir insanam. Xanımım həmişə harda olduğumu bilir.
Vüsalə: Blokda neçə nəfər var?
- Sayı dəqiq yadımda deyil, var bir neçə nəfər. Statuslarıma şərh yazarkən etik qaydalara riayət etməyən insanları bloka atıram.
Vüsalə: Bəs demokratiya? Siz onlara xəbərdarlıq edə bilərsiz...
- Mənim onlara ayırmağa vaxtım yoxdur. Ən asanı birbaşa bloka göndərməkdir.
İnternet adamla ayaqlaşmağa çalışırıq. Setə Aygün daxil olanda, mən offline oluram.
XƏBƏRDAR İNSAN
Aygün: Mətbuat Şurasında İnternet Media üzrə komissiyanın sədrisiz. Bəs telekanalları necə dəyərləndirirsiz?
- Telekanallar bir az da peşəkar, bir az da aktiv olsalar daha razı qalardım. Artıq bizdə sosial media ilə yeni media elə inkişaf edib ki, telekanallar gecikir. İnsanlar gün ərzində telefonları ilə bütün xəbərləri əldə edirlər.
Aygün: Niyə bizim telekanallarda rəqabət yoxdur?
- Niyə? Hamısında xəbərlər, filmlər, maqazin verilişləri var...
Aygün: Bu rəqabətin olması demək deyil...
- Rəqabəti biz sizinlə yaradırıq. Kanal xoşumuza gəlmir, düyməni basıb kanalı dəyişirik. Bu addımı yüzlərlə, minlərlə adam atsa telekanalın reytinqində ciddi dəyişiklik olacaq.
Aygün: Bizim kanallara baxırsız?
- Çox az halda baxıram, vaxtım olmur. Özüm xəbər biznesində çalışıram deyə, gün ərzində hansı xəbərlərin yayılacağını bilirəm. Məsələn, gündə üç yüz xəbər varsa, insanlara ondan yüzü düşür. Mən isə o xəbərin üç yüzünü də bilirəm, ehtiyacım yoxdur o xəbərlərə.
Söhbət çox siyasiləşəndə sualları internet adam verməyə başlayır:
- “Qadın klubu”nda deyilik? Niyə qadınlardan danışmırıq?
Aygün: Qadınlarla görüşə niyə bu qədər rəsmi gəlmisiz?
- Tədbirdən gəlirəm, müsahibədən sonra da bir dövlət qurumuna gedəcəyik. Ona görə də belə rəsmi geyinməyə məcburam. Sizinlə həftə sonu görüşsəydim cinsdə və ti-şörtdə gələcəkdim.
BREND SEVGİSİ OLMAYAN İNSAN
Aygün: Sizi bütün müsahibələrinizdə belə geyimdə görmüşəm.
- Heç biri həftə sonu olmayıb. Gəlin şənbə günü görüşək və görəcəksiz...
Vüsalə: Biz şənbə günü görüşməyi təklif etdik, dediz ki, şəhərdən kənarda oluram.
- Bu şənbə bağda olacam, gəlin.
Vüsalə: Müsahibələrinizi oxuyanda mənə həmişə elə gəlir ki, sizdə xüsusi bir brend sevgisi var. Bütün fotolarda ya əlinizdə iPhone 5 olub, ya masanın üstündə hansısa firmadan pul qabınız... ya eynəyiniz...
- Heç vaxt istifadə etdiyim əşyaların brend olduğuna xüsusi vurğu vurmaq fikrim olmayıb. İnanın, sadəcə bu tam təsadüfən belə alınıb. Baxın, indi şəkil çəkilir və mən telefonumu o biri masada qoyub gəlmişəm.
Vüsalə: Gətirin, hətta zəng gəlsə danışa da bilərsiz.
- Yox. Qoy, bu fotolarda pul qabı, eynək, telefon olmasın. Çox müasir və peşəkar telefon aparatı olduğu üçün iPhone işlədirəm. Ordan facebooka, elektron poçtuma, twitterə və saytlara baxa bilirəm. Çox rahatdır, indi isə masada yoxdur...
Vüsalə: Gətirə bilərsiz...
- Yox, sadəcə mən narahatam ki, indi zənglər gəlir və cavablaya bilmirəm... (Yan masada əyləşən köməkçisinə) Zəng gəlsə, xəbər edin.
ÖZÜ ÜÇÜN YAŞAYAN İNSAN
Aygün: Bizim xalqı marketinq dəyərləndirməsindən keçirin...
- Siz nədən narazısız? Şəxsi həyatdan narazısız? Hər şey qaydasındadır?
Aygün: Narazı deyiləm. Qaydasında deyil, amma öz seçdiyim həyatdır.
- Kənarda baş verənlərə görə niyə narahat olursuz? Osuz da heç nəyi dəyişə bilməyəcəksiz.
Aygün: Hamımız belə fikirləşsək...
- Hərə özü üçün yaşasın. Özünü yaxşı dostlar dairəsi ilə təmin etsin. Cəmiyyətdə nə olursa siz orda heç bir dəyişiklik edə bilməyəcəksiz. Siz özünüzü darıxdırıb çərçivəyə salırsız... Ən düzgün həyat fəlsəfəsidir - yalnız özünüzü düşünün. Mən əvvəllər belə deyildim və çox əsəbləşirdım, qanım qaralırdı. Sonra başa düşdüm ki, mən heç nə edə bilmərəm. Məsələni dəyişə bilmirsizsə, onda ona öz münasibətinizi dəyişin.
Aygün: Bir jurnalist Çörçilə deyir ki, ikinci dünya müharibəsi yaxınlaşır və heç kim bunu görmür, yazmaqdan bezmişik. Çörçil isə cavab verir ki, fikir verməyin, o vaxta qədər yazın ki, eşidiləcək.
- Yazın, amma o məqalələri heç kim oxumayacaq. Oxuculara başqa məqalələr lazımdır. Dünyanın ən güclü media maqnatı Robert Maksvell deyir ki, ən çox oxunan seks, skandal və sportdur.
SEKSİ LAZIM BİLƏN İNSAN
Vüsalə: Bizim müsahibə də çox oxunacaq, çünki siz o “klik” gətirən dörd hərifli sehrli sözləri dediz...
- Azərbaycanda seksə elə münasibət olur? Bildiyim qədərincə bizdə seks sahəsində insanlara çox təsir etmək lazımdır.
Aygün: Bu yaxınlardan seks yenə mətbuatın gündəmindəydi. Bilmirəm izlədizmi... “Seks haqda danışmaq lazmıdır, ya...”
- Əlbəttə lazımdır! Seks haqda məlumatlı olanda artıq zorlama, pedofillik halları azalacaq. Seksi qaldırıb dağın başına qoymaq lazım deyil.
Aygün: Biz dağın başına qoymuruq, gizlədirik. Deyirlər bu milli-mənəvi dəyərlərimizə ziddir...
- Sekslə məşğul olmaq? Bəs biz havadan peyda olmuşuq? Kim deyib onu? Onu heç kim deyə bilməz! Kim yazmışdı bu haqda?
Aygün: Əvvəlcə Günel Mövlud yazdı ki, seks niyə vacibdir...
Turac: Sonra bir jurnalist yazdı ki, bu barədə danışmaq milli mənəvi dəyərlərimizə ziddir...
- Siz nə yazmışdız?
Vüsalə: Bəzi hallarda az danışıb, çox iş görmək lazımdır. Bu da o mövzulardandır ki, o haqda danışmaq yox, məşğul olmaq lazımdır...
- Bu fikirlə də razıyam. Seksə, o haqda danışmağa qarşı çıxanlar ancaq intellekti az olan insanlardır. Hamı sekslə məşğul olur.
ŞƏRHLƏRƏ FİKİR VERMƏYƏN İNSAN
Aygün: Hamı məşğul olur, amma bu haqda danışanı öldürməyə hazırdılar...
- Yox, kim istəyir danışır. Bu mövzuda nə heç bir qəbahət yoxdur, nə də qadağa. Kim ki, bu haqda danışanları qınayır, onların fikri sizi maraqlandırmamalıdır.
Aygün: Siz o yazılara yazılan şərhləri görsəz...
- Şərhlərə heç vaxt fikir verməyin. Çobanlar yazı yazmağa çalışır, alınmayanda başlayırlar başqa adla şərh yazmağa. Facebooka baxmayın, biz orda dostuq, siz heç gözləyirsiz ki, mən girib səhifənizdə etikadan kənar bir şey yazaram? Mən də sizdən gözləmirəm. Amma saytlarda məqalənin altından şərh yazanlar küçədən keçənlərdir. Özü də başqa adlarla, ona görə də fikir verməyin.
ÇƏRÇİVƏDƏ OLAN İNSAN
Turac: Fikir verməyin dediz yadıma düşdü, müsahibənizdə oxudum ki, deyirsiz özümə ailəm və dostlarımdan ibarət bir çərçivə yaratmışam və o çərçivədən kənarda baş verənlər vecimə deyil.
- Bəli, ailəm və yaxın adamlarımdan, mənim üçün dəyərli olan adamlardan başqaları məni maraqlandırmır.
Aygün: İctimai işlə məşğul olursuz, Mətbuat Şurasında komissiya sədrisiz. Az qala bütün Azərbaycan mətbuatına nəzarət edirsiz.
- Mən bu çərçivədən danışanda şəxsi münasibətimi bildirirəm, Mətbuat Şurasında isə mən bir peşəkar kimi fəaliyyət göstərirəm.
VƏFALI İNSAN
Vüsalə: Bilirəm, yenə deyəcəksiz qadınlardan danışaq.
- Danışaq. Kişilərin irəli getməsində səbəb qadınlardır. Biz hər şeyi qadınlar üçün edirik. Bir mərhələyə çatdıq, orda dayanmırıq, yenə irəli getmək istəyirik.
Vüsalə: Hansı qadını düşünüb irəliləyirsiz?
- Həyatımdakı qadını. Ancaq onu xoşbəxt etmək istəyirəm. Mən çox vəfalı həyat yoldaşıyam.
Aygün: Vəfalı həyat yoldaşı olduğunuz üçün dostlarınız sizi ələ salmır? Bir çox halda kişilər xəyanət edəndə deyirlər dostlarım belə dedi...
- Mənim dairəmdə elə yanaşan insanlar yoxdur. İkincisi, “Dostlarla oturmuşduq, fahişələr gəldi” yanaşmasını ümumiyyətlə qəbul etmirəm. Normal kişi fahişə ilə heç nə etməməlidir. Qadın istəyirsən, vurul, sev, onunla xəyanət elə. Fahişə ilə, səni pula görə “sevən” qadınla yox...
QADINLARI VALEH EDƏN İNSAN
Vüsalə: Amma yetərincə fahişələrimiz var. Demək anormal kişilərimizin sayı çoxdur? Axı fahişə bir yox, bir neçə kişinin əsəridir.
- Bəli. Onların müştəri bazası anormal kişilərdən ibarətdir. Bu, heç xəyanət də deyil, lap səviyyəsizlikdir ki, ilk dəfə gördüyün qadına pul ödəyirsən... Kişi gərək qadını elə valeh edə ki, o səni pulsuz-parasız istəsin.
Vüsalə: O gün belə status yazmışdız ki, sevgini almırlar, qazanırlar. Ümumiyyətlə, siz gələnə qədər bu günkü əhval ruhiyyənizi bilmək üçün son statusunuzu oxuduq: “Sevgi dənizində çılpaq çimirlər” deyirsiz...
- Mənim elə əhval-ruhiyyəm həmişə belə olur. Romantika, məhəbbət...
KASIB, ZƏHMƏTKEŞ, OPTİMİST İNSAN
Vüsalə: Müsahibələrinizdən adama elə gəlir ki, məşhur filmdə deyildiyi kimi “kasıb, zəhmətkeş, optimist” nəslin nümayəndəsisiz.
- Heç vaxt bu haqda danışmıram. Sual verəndə isə artıq danışmalı oluram. Bu gün bu məsələyə toxunmaq istəmirdim, amma gördüz, siz soruşduz, indi mən cavab verəcəm, yenə deyəcəklər...
Vüsalə: Soruşmayacam. İlk sevginizdən danışmağı təklif edəcəm.
- Məktəbdə olub.
Vüsalə: Müəlliməm idi deməyin...
- Yox, başqa məktəbdə oxuyurdu, iki məktəbin arasında qalırdım. Hisslərimə cavab vermirdi, çox əzab çəkirdim.
Aygün: Şeir yazmışdız?
- Əsər yazmışdım.
Vüsalə: Birdən birə nəsrlə başladız?
- Nəsr yox, əsər. Hekayə formasında yazmışdım, adını da “Qəlbimin çağırışı” qoymuşdum. Amma işləmədi.
Vüsalə: Çünki o vaxt qızlar şeir sevirdi, siz isə götürüb hekayə yazmısız...
- O vaxtdan çox dəyişmişəm. Onun yerində olsaydım, o sevgiyə cavab verməzdim.
Aygün: Siz çox dolama yolla getmisiz. Məsələni bir bənd şeir ilə də həll etmək olardı. Misraların baş hərfində qızın adı oxunardı və bu iş bitərdi....
- İndiki pərəstişkarlar heç şeir də yazmırlar axı...
Vüsalə: Bir status ilə məsələ həll olunur?
- Ya da bir mesajla.
ŞƏRƏF LÖVHƏSİNDƏ ŞƏKLİ OLAN İNSAN
Vüsalə: Rədd cavabı sizi sındırıb dərslərdən uzaq salmırdı?
- Yox. Mən həmişə yaxşı oxumuşam. Şərəf lövhəsində şəklim olub.
Vüsalə: Bu da qızı yumşaltmırdı?
- Başqa məktəbdə oxuyurdu axı, bunu bilmirdi. Məktəb vaxtı boyum çox balaca idi, qalın eynək taxırdım. Yəni maraqsız idim... Həm də məktəbdə qızlar şərəf lövhəsində şəkli olan oğlanları yox, xuliqanları, dərsdən qaçanları xoşlayırlar. Mən elə deyildim.
Vüsalə: İndi də deyirsiz qadınlar anormal kişiləri sevirlər?
- Həmişə elə olur də. İndi o xanım hardadır, bilmirəm. O məni izləyə bilir, amma mən onu tapa bilmirəm.
Aygün: Facebookda şəkil paylaşanda hardasa ona mesaj göndərirsiz ki, “bax, mənim xoşbəxtliyimi gör və...”
- Yox. Məqsəd güdmürəm. Ümumiyyətlə, artıq o məni maraqlandırmır.
Turac: Bu nə sevgi oldu?
- Oldu keçdi. Sevgi dəyişir axı. O bütün həyat boyu sizi izləmir.
SEVGİLƏRİNİ XATIRLAMAYAN İNSAN
Turac: Amma nəsə bir əlaməti, izi qalır...
- Yox...
Turac: İncimisiz deyəsən...
- Yox, yox, yox! Ondan sonra yüzlərlə elə məhəbbətim olub və heç biri məndə iz buraxmayıb. Yarısından çoxunu heç xatırlamıram.
Turac: O məhəbbət deyil axı...
- Niyə? Vurulurdum, sevirdim. Saatlarla məhəllədə gözləyirdim.
HƏR ŞEYİ ÖZ RAHATLIĞI ÜÇÜN EDƏN İNSAN
Aygün: Niyə deputat olmaq istəyirdiz? Sizin həyat fəlsəfənizlə deputatlıq heç üst-üstə düşmür...
- O vaxt yanaşmam başqa idi. İnsan ömrü boyu bir xətlə getmir. Siz inkişaf edirsizsə, dəyərləriniz də dəyişir. İndi hər şeyi öz rahatlığım üçün edirəm.
Aygün: Siz necə insansız? Mən qarşımda çox kompleksli, özünə müdafiə hasarı hörmüş, bütün suallara qısa-konkret cavab verən bir adam görürəm.
- Mən açıq adamam. Amma açıqlığın yeri var. Biz qeyri-rəsmi şəraitdə görüşsək, mən sizinlə özümü başqa cür aparardım.
Aygün: Bu sırf bizim insanlara xas olan bir cəhətdir. Başqa millətlərin tanınmış simaları müsahibələrində çalışırlar özlərini xalqa daha da səmimi təqdim edələr.
- Onların cəmiyyəti bizimkindən çox səmimidir, açıqdır. İstəmirəm. Mənə qalıb onu etmək? Amma cəmiyyətə qayıdanda... Gülümsəyənə deyirlər “matışkadır”, başqa cür durana deyirlər “mavidir”. Bax, siz indi küçədə gülümsəyərək getsəz, min cür təklif eşidəcəksiz. Cəmiyyət hesab edir ki, xanım gülümsəyirsə, demək başqa şey istəyir.
STREOTİPLƏRLƏ YAŞAMAYAN İNSAN
- Mən bir xanım tanıyıram ki, yağışlı havada tanımadığı maşına oturub getdi, sonra evləndilər. Həmişə hər şeyə neqativ yanaşmaq olmaz. Yaxşı insanlar da var, onları tapıb, dəyər vermək lazımdır.
Turac: Siz evlənərdiz?
- Niyə də yox? Evlənərdim. Mən öz həyat yoldaşımla da internetdə tanış olmuşam. O streotiplərlə yaşayan sizsiz, mən deyiləm.
Aygün: Normaldır, əvvəl qızla kitabxanada tanış olurdularsa, indi də internetdə tanış olurlar...
- Qızla tanış olmaq üçün ona görə kitabxanaya gedirdilər ki, kitab oxuyursa, deməli ağıllı qızdır. İndi də hesab edirlər ki, internetdən istifadə edə bilirsə, demək savadlı və intellektualdır.
TƏK GƏZMƏYƏN İNSAN
- Dəvət aldığım bütün tədbirlərə gedirəm. Özü də həyat yoldaşımla. Məsələn, heç vaxt tək çağrıldığım toya getmirəm. Uzaq başı pul göndərirəm, amma getmirəm. Hər yerə həyat yoldaşımla gedirəm.
Aygün: Azərbaycan filmlərinə baxırsız?
- Ən sevimli filmlərim Azərbaycan filmləridir.
Aygün: Məsələn...
- “Təhminə”, “Bizim Cəbiş müəllim”...
Aygün: 90-ci ildən bu yana Azərbaycan filmindən xəbəriniz olmayıb?
- Nə çəkiblər ki? Çəksələr xəbərim olardı. Maraqlanmamışam.
Aygün: Bu cavabı Azərbaycan kinosu haqda marketinq dəyərlənməsi kimi qəbul edirəm.
- Görürsüz, səmimi dedim. Heç nə çəkməyiblər.
Turac: Amma deyirlər çəkirik.
- Hansısa kinoteatrda Azərbaycan filmi göstərirlər?
Aygün: “Nizami” kinoteatrında. Bu yaxınlarda “Çölçü” filminin primyerası oldu. Axundov haqda “Sübhün səfiri” filmini çəkdilər.
- Siz kinoşünassız, ona görə də bilirsiz. Əhaliyə bu haqda məlumat verilmir.
VİDEOSUNUN YAYILMASINDAN QORXMAYAN İNSAN
Turac: Sabah sizin bir videonuz yayılarsa...
- Mən heç vaxt ondan qorxmuram.
Vüsalə: Hesab edirsiz ki, videonuz yoxdur, yoxsa...
- Əgər mənim video görüntülərim yayılarsa, o çox normal, təbii kadrlar olar. Qeyri təbii video görüntülərim olmadığı üçün qorxmuram.
“İnbox”u açıqlamaq etik olmadığı üçün internet adamla yazışma-görüşməmişdən bəzi söhbətlərdən sadəcə status ola biləcək fikirləri yazıram:
“Bizim şəhərdə yaşamaqdan böyük həzz alıram”
“Azərbaycanda twitter maraqsızdır. Mənim ürəyim çox açıqdır, 144 simvola yerləşmir”
“Bizdə kreditə maşın alırlar sonra ödəyə bilmirlər. Çünki insanı intellektinə, intellektual nailiyyətinə görə yox, iPhone, saata, çantaya görə qiymətləndirirlər”
“Hesab edirəm ki, sosial şəbəkə, axtarış sistemi və elektron poçt sistemi ilə rəqabət etmək ağılsızlıqdır. Nəhənglərlə rəqabətə girməkdənsə başqa layihə etmək lazımdır. Məsələn, turbo.az saytı. Azərbaycanda ən çox yenilənən və böyük ziyarətçisi olan veb-səhifədir”
“İnternetdə məni hamı tanıyır”
P.S. Bu gün internet adamın düz 39 yaşı tamam olur. Lent.az kollektivi adından ona yaşı artdıqca “Like”larının da artmağını arzu edirik. Masasının üstündən daima brend əşyalar əksik olmasın. Profil şəklində fotoşopa ehtiyacı olmasın. Allah onu “blok”dan və “spam”dan qorusun. Heç vaxt errora rast gəlməsin. Həyatında bütün xoş smayliklər qisməti olsun və bütün ömrünü “top”da keçirsin.
Könül daha yaxşı təbrik yazmağı istərdi, amma təpədən-dırnağa internet adam olmadığımızdan onu başqa nələr xoşbəxt edə bilər, ağlımıza gəlmədi...
Doğum gününüz mübarək, internet adam!