Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının sammitində təmsil olunub
18 may 2018 18:14 (UTC +04:00)

Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının sammitində təmsil olunub

 

 

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Qlobal Tədqiqat Şurasının (GRC - Global Research Council) 15-16 may 2018-ci il tarixlərində Moskva şəhərində keçirilmiş Ümumdünya 7-ci İllik Baş Toplantısında (sammitində) iştirak edib.

 

Fondun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Elmin İnkişafı Fondu GRC-nin Kanadada 2017-ci ildə keçirilmiş 6-cı İllik Baş Toplantısında Qlobal Tədqiqat Şurasının beynəlxalq üzvü kimi tanınıb. Fond tərəfindən bu istiqamətdə işlərə 2015-ci ildə başlanılıb, Fond həmin ildən GRC-nin Avropa Bölməsinin üzvü olub.

 

    

Bu dəfəki təşkilatçıları Rusiya Fundamental Tədqiqatlar Fondu (RFFİ) və Koreya Milli Tədqiqat Fondu (NRC) olan 7-ci İllik Baş Toplantıda elmi ekspertiza meyarları və elm diplomatiyası kimi məsələlər müzakirə olunub. Tədbirdə 86 ölkənin 160 təmsilçisi iştirak edib. Baş Toplantıda GRC-nin 2019-cu ildə Braziliyanın Sao Paulo şəhərində keçiriləcək 8-ci İllik Baş Toplantısının gündəliyi müzakirə olunub, GRC-nin yeni prezidenti və müavinləri seçilib.

 

GRC-nin 7-ci İllik Baş Toplantısı çərçivəsində mayın 14-də Avropa Regional İclası da keçirilib. Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının Avropa Regional Bölməsinin fəal üzvüdür. Bu iclasda növbəti GRC Avropa Regional toplantısının Avstriyada keçirilməsi barədə qərar qəbul edilib. İşçi qrupların iclaslarında iştirakçı ölkələrin təcrübəsini əks etdirən çıxışlar dinlənilib, Elmin İnkişafı Fondu tərəfindən bir sıra təkliflər irəli sürülüb və Azərbaycanın təcrübəsi haqqında qısa məlumat verilib. Fond “Elm diplomatiyası” üzrə müzakirələrdə təmsil olunub.

 

Səfər çərçivəsində E. Babayev tərəfindən bir sıra fond və şura rəhbərləri (İsrail, Avstriya, Belarus, İran, Türkiyə və b.) ilə qısamüddətli görüşlər də keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub. Mayın 14-də “Tədqiqatlar üzrə qonşular” (Neighbours in Research) dəyirmi masası keçirilib. Bu tədbirdə keçmiş sovet ölkələri, həmçinin bir sıra qonşu ölkələr (Monqolustan, İran, Koreya, Türkiyə) arasında əməkdaşlıq məsələləri, mövcud potensial, meqaelm üzrə tədqiqatlar kimi məsələlər müzakirə olunub.

 

Səfər çərçivəsində 14 may tarixində məşhur Milli Tədqiqat Mərkəzi “Kurçatov İnstitutu”nun işi ilə tanışlıq baş tutub. Mayın 16-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutunda Avrasiya Astronomiya Cəmiyyətinin (EAAS) İdarə heyətinin iclasında E. Babayev tərəfindən Azərbaycanda elmi tədqiqatların vəziyyəti, qrant maliyyələşdirilməsi, astronomiya sahəsində araşdırmalar haqqında məruzə edilib, birgə planlar müzakirə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar