Limon suyu, yoxsa sirkə? - FAYDALARI
22 iyul 2026 13:12 (UTC +04:00)

Limon suyu, yoxsa sirkə? - FAYDALARI

0

Səhər acqarına limonlu su içmək və ya yeməkdən əvvəl sirkə qəbul etmək uzun illərdir sağlam həyat tərzinin populyar vərdişləri sırasındadır. Sosial şəbəkələrdə tez-tez müqayisə olunan bu iki təbii məhsuldan hansının daha faydalı olduğu isə ən çox maraq doğuran suallardan biridir. Bəs limon suyu daha faydalıdır, yoxsa sirkə?

Lent.az xəbər verir ki, limon suyu və sirkənin sağlamlığa təsiri fərqli mexanizmlərlə baş verir. Buna görə də "hansı daha sağlamdır"? sualının vahid cavabı yoxdur. Seçim insanın sağlamlıq vəziyyətindən və istifadə məqsədindən asılıdır. Limon suyu C vitamini ilə zəngin olduğu üçün immun sisteminin normal fəaliyyətini dəstəkləməyə kömək edir. Tərkibindəki limon turşusu bəzi insanlarda böyrək daşı əmələ gəlməsi riskini də azalda bilər. Bununla belə, limon suyunun təkbaşına yağ yandırmasını sürətləndirdiyini və ya nəzərəçarpacaq çəki itkisinə səbəb olduğunu təsdiqləyən güclü elmi sübutlar yoxdur. Sirkə növləri arasında ən çox araşdırılanı alma sirkəsidir. Onun tərkibindəki sirkə turşusunun yeməkdən sonra qanda şəkərin yüksəlməsini müəyyən qədər ləngidə və mədənin boşalma sürətini azaldaraq toxluq hissini uzada biləcəyi ehtimal edilir. Lakin bu təsirlər adətən məhdud olur və təkbaşına arıqlamaq üçün kifayət qədər güclü hesab edilmir. Bu sahədə diqqət çəkən araşdırmalardan biri 2023-cü ildə BMJ Nutrition, Prevention & Health jurnalında dərc olunub. Tədqiqatın nəticələrinə görə, artıq çəkili insanların 12 həftə ərzində hər gün müəyyən miqdarda alma sirkəsi qəbul etməsi bədən çəkisində, bel çevrəsində və bəzi metabolik göstəricilərdə yaxşılaşma ilə əlaqələndirilib. Bununla yanaşı, mütəxəssislər araşdırmada iştirakçı sayının az olduğunu və nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı tədqiqatlara ehtiyac duyulduğunu vurğulayırlar. Alimlər həmçinin limon suyu və sirkənin həddindən artıq istehlak edilməməsi barədə xəbərdarlıq edirlər. Hər iki məhsulun yüksək turşuluğu diş minasının aşınmasına səbəb ola bilər. Reflü, mədə xorası və ya qastrit kimi mədə problemləri olan insanlarda isə şikayətləri artıra bilər. Buna görə də onları birbaşa və çox miqdarda qəbul etmək əvəzinə su ilə durulaşdıraraq içmək daha məqsədəuyğun sayılır. Nəticə etibarilə, məqsəd immuniteti dəstəkləmək və C vitamini qəbulunu artırmaqdırsa, limon suyu daha uyğun seçim hesab olunur. Əgər məqsəd yeməkdən sonra qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa dəstək verməkdirsə, alma sirkəsi müəyyən üstünlük təmin edə bilər. SaLakin mütəxəssislər vurğulayırlar ki, nə limon suyu, nə də sirkə möcüzəvi qida hesab edilmir. Davamlı sağlamlıq üçün əsas amillər balanslı qidalanma, müntəzəm fiziki aktivlik və sağlam həyat tərzidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar