Elman Mehdiyev: ”Ölkəmiz öncül yerdə qərarlaşıb” - YENİLƏNİB
28 yanvar 2014 16:55 (UTC +04:00)

Elman Mehdiyev: ”Ölkəmiz öncül yerdə qərarlaşıb” - YENİLƏNİB

Bu gün “Pensiya+” xidmətinin istifadəyə verilməsi ilə bağlı təqdimat mərasimi keçirilib. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev vurğulayıb ki, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın mühüm məqsədlərindəndir. Proqrama uyğun olaraq pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilməli, bankomat və pos-terminallarla təchizat gücləndirilməli, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunmalı, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq edilməlidir. Bu istiqamətdə görülən işlərə toxunan E.Mehdiyev bildirib ki, pensiyaların ödənişində kart sisteminin tətbiqi sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biridir və bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılıb: “Sizə məlumdur ki, ölkəmizdə 2004-cü ildən etibarən pensiyaların plastik kartlarla ödənilməsinə başlanılıb. Ötən dövrdə pensiyaların plastik kartlarla ödənişinin bütün pensiyaçıları əhatə etməsi tədbirləri daha da genişləndirilib. Hazırda pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,7 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə isə 99,9 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 712, o cümlədən kənd və qəsəbələrdə 170 bankomatın istifadəsi təmin edilib”. DSMF sədri əlavə edib ki, görülən tədbirlərin davamı olaraq bu sahədə şəffaflığın daha da artırılması məqsədilə plastik kartların pensiyaçılara çatdırılması funksiyası 2012-ci ildə keçirilən tenderin şərtlərinə uyğun olaraq tenderdə qalib gələn müvəkkil banklara həvalə olunub.

E.Mehdiyev vurğulayıb ki, hazırda ölkəmiz pensiyaların ödənişində kart sisteminin tətbiqi üzrə əldə etdiyi göstəricilərə görə beynəlxalq aləmdə öncül mövqedə qərarlaşıb. Bununla belə plastik kartlardan istifadə sahəsində müəyyən yeniliklərin tətbiqi vacibdir. Belə ki, pensiyaçılara xidmət edən bankomatların sayı nəzərdə tutulan normanı üstələsə də, bankomatların qarşısında bir sıra hallarda növbələr yaranmaqdadır. Bunun bir səbəbi 2006-cı ildən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə əməkhaqlarının ödəniş kartları vasitəsilə ödənilməsinə keçilməsi, bu sistemin sosial yardım və müavinətlərin ödənilməsində, eləcə də müxtəlif özəl qurumlarda da müvəffəqiyyətlə tətbiq olunmasıdır. Hazırda ölkədə plastik kart sahiblərinin sayı 5,5 milyonu ötüb və bu sistemdə 1 milyon 272 min nəfər pensiyaçıya xidməti ayrıca təsəvvür etmək mümkün deyil. Yəni mövcud bankomatlardan bütün plastik kart sahibləri istifadə edir, bu isə növbələrlə müşayiət olunur. Digər başlıca səbəb isə əhalinin, o cümlədən pensiyaçı kateqoriyasının nağdsız ödəniş sisteminin əsas elementi olan pos-terminallarla ödəmədən istifadə etməməsidir: “Əksər vətəndaşlar tərəfindən plastik kartlara nağdsız ödəniş vasitəsi kimi deyil, vəsaitin bankomatla nağdlaşdırılması aləti kimi yanaşılmasına daha çox üstünlük verilir. Açığı, bu halda nə qədər bankomat quraşdırılmadır sualını cavablandırmaq da çətindir. Bunun yeganə həll yolu ölkədə nağdsız ödəniş sisteminin əsas elementi olan pos-terminallarla ödəmənin daha da inkişaf etdirilməsidir”. DSMF sədri nəzərə çatdırıb ki, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində bir sıra tapşırıqlar verilib və bu istiqamətdə aidiyyatı hökumət qurumları ilə birlikdə müxtəlif tədbirlər görülür. Bunun nəticəsində 2013-cü ildə  POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmində isə 1.8 dəfədən artıq artım olmuşdur.

E.Mehdiyev bildirib ki, əmək pensiyaçılarının da öz çoxfunksiyalı plastik kartlarından nağdsız ödəniş vastəsi kimi istifadə etməsinə nail olmaq qarşıda duran əsas vəzifələrdəndir və bunun üçün müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də bu gün ictimaiyyətə təqdim olunan “Pensiya+” xidmətidir. “Bu xidmətin istifadəyə verilməsi nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi üçün atılan mühüm addımlardandır” - deyən DSMF sədri xidmət barədə ətraflı məlumat verib. O nəzərə çatdırıb ki, “Pensiya+” xidməti çərçivəsində ABB-yə məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılır. Bu məbləğ pensiyaçının müraciəti əsasında artırıla bilər. E.Mehdiyev vurğulayıb ki, kredit limiti yalnız nağdsız alış-veriş zamanı istifadə oluna bilər və bu xidmətə görə pensiyaçılardan hər hansı xidmət haqqı tutulmayacaq: “Xidmət pulsuzdur və bu xidmətə qoşulan pensiyaçıdan heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur. Kredit limiti yalnız bir sıra ticarət müəssisələrində nağdsız alış-veriş zamanı istifadə oluna bilər və pensiyaçı öz pensiya vəsaitini tam xərclədikdən sonra kreditdən yararlana biləcək”. E.Mehdiyev bildirib ki, pensiyaçı istəsə belə verilən krediti nağd əldə edə bilməyəcək, yalnız və yalnız nağdsız alış-veriş üçün həmin məbləği istifadə edə biləcək: “Bu isə avtomatik olaraq həmin şəxslərdə nağdsız alış-veriş vərdişinin yaranmasına şərait yaradacaq və belə demək mümkünsə pensiyaçılarımız tədricən öz plastik kartlarından təyinatı üzrə yararlanmağa başlayacaqlar”.

ABB sədrinin birinci müavini Emil Mustafayev bildirib ki, “Pensiya+”xidmətinə yalnız ABB-nin bank kartları vasitəsilə pensiya alan müştərilər avtomatik olaraq qoşulacaq. Pensiyaçının kredit limitindən istifadə etdiyi məbləğ borc şəklində növbəti ayın pensiya məbləğindən avtomatik olaraq çıxılacaq. Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşəcək. Sədr müavini ilkin olaraq kredit limitindən hansı ticarət müəssisələrində istifadə olunacağını da açıqlayıb. Bura “Riyadfarm” apteklər şəbəkəsi, “Araz” supermarketlər şəbəkəsi, “Makromarket” supermarketlər şəbəkəsi, “Arçelik” mağazaları daxildir: “Bu qəbildən olan müəssisələrin sayının davamlı şəkildə artırılması nəzərdə tutulur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129
avatar

Oxşar yazılar