Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sentyabrın 25-də Xaçmaz rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binası əlil və şəhid ailələrinə təqdim olunub və eyni zamanda 11 ədəd NAZ-Lifan markalı minik avtomobili bölgədə yaşayan müharibə əlillərinə verilib. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Mənzillərin və minik avtomobillərinin təqdim olunması mərasimində iştirak edən nazir Fizuli Ələkbərov bildirib ki, son 10 ildə prezident İlham Əliyevin tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib. 2003-2013-cü illərdə respublikanın müxtəlif bölgələrdə 4 mindən çox, ümumilikdə, 1997-ci ildən bu vaxta qədər 5 minə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib.