Əcnəbi turistlərin yol yoldaşı - SƏFƏR SIĞORTASI
23 yanvar 2014 22:26 (UTC +04:00)

Əcnəbi turistlərin yol yoldaşı - SƏFƏR SIĞORTASI

İlin bütün fəsillərində xarici ölkələrə səfər edənlər az deyil. Səyahətə gedənlər turizm şirkətlərinə  müraciət edib, tur paketlərinə nələrin daxil olması ilə maraqlanırlar.  Ancaq bir məsələ unudulur - səfər sığortası.  Səfər sığortası nədir? Bu, turistin ölkədən kənarda istirahəti zamanı baş verə biləcək hadisələrdən sığortalanmaq üçündür. Xarici ölkələrin təcrübəsində bu sənəd çox vacibdir. Əcnəbilər üçün sığorta paketi, onların yol yoldaşı kimidir. Bir çox ölkədə bu sığorta məcburi şəkildə həyata keçirilsə də, Azərbaycanda bu proses könüllüdür. Ölkədə fəaliyyət göstərən turizm şirkətləri müştərilərinə bu sahədə məlumat verirmi, ya da ümumiyyətlə göndərdiyi turistləri sığortalayırmı? Bu suallarla bəzi turizm şirkətlərinə müraciət etdik.

 

Turizm şirkətinin direktoru Ruslan Quliyev APA T-yə deyir ki, Azərbaycanda bir neçə il öncə bu sahədə vəziyyət lap acınacaqlı olub. Əhalinin səyahət sığortası haqqında məlumatı yox səviyyəsində olub. Turizm şirkətlərinin birbaşa vəzifə borcudur ki, bütün müştərilərinə tur paketlərini təqdim edən zaman səfər sığortası haqqında da məlumat versin: "Müxtəlif şirkətlər artıq öz prestijini və müştərilərinin etibarını artırmaq naminə bunu paket şəklində təklif edir. Turizm şirkəti bu məbləği özü ödəyir. Ancaq turistə belə təqdim olunur ki, sığorta ödənişsizdir. Yəni həmin sığorta ödənişini turizm şirkəti əlavə bonus kimi və yaxud həvəsləndirici paket kimi turistlərə təqdim edir. Bizdə də belədir, paket şəklində təqdim edirik".

 

Şirkətin müştəriləri üçün ödədiyi 30 minlik sığorta paketinin sığorta xərci 7 gün müddətində  7-12 dollar arasında dəyişir. Xüsusi risk qrupuna aid olanlar üçün - yəni idmançılar  və yaşı 70-dən yuxarı olan adamlara görə isə qiymətlər bir qədər yüksəkdir.

 

 

Başqa bir turizm şirkətinin direktoru Abbas Süleymanov isə deyir ki, səfər sığortası hər bir turist üçün şirkət tərəfindən bonus kimi yazılır. Müştəri minimal olaraq, 3 gecə götürürsə, 5 min dollar dəyərində sığorta paketi verilir. İstirahət günündən asılı olaraq, 5 minlik sığorta paketinin sığorta  xərci 7-15 dollar arasında dəyişir: "5 min dolardan başlayaraq, 50 min dollara qədər müəyyən sığorta məbləği olur. Burada hər bir turizm sığorta şirkətinin qoyduğu müəyyən bir məbləğ var".

 

Müsahib deyir ki, 5 min dolar dəyərində sığortalanan turist hansısa problemini həll etmək üçün 30 dollar ödəyibsə, bu məbləğ ona qaytarılmır. Yəni, 30 dollaradək xərci turist özü ödəyir. 30 dollardan 5 min dollara qədər olan xərci isə şirkət çəkir.

Daxili səyahətlərə gəlincə, fərdi şəkildə xizəklə, ya da kanatla olan istirahət mərkəzlərinə gedəndə sığortalanmaq mümkündür. Ancaq başqa regionlara hələ ki, bu sığorta tətbiq olunmayıb.

 

Mədəniyyət və Turizm Naziliyinin Təhqiqat İşləri Statistika və Lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu deyir ki, sığorta məsələsi fərdi şəkildə, ya da turizm şirkəti ilə vətəndaş arasında könüllü həyata keçirilir. Vətəndaş sığortaya razılıq veribsə, o zaman onlar arasında mütləq şəkildə müqavilə imzalanmalıdır. O bildirib ki, könüllü həyata keçirildiyinə görə, turizim şirkətlərinə lisenziya verildikdə  şərtlər arasına bu daxil edilmi: "Turist xarici ölkədə bədbəxt hadisə ilə üzləşirsə və həmin müqavilədə əks olunmuş öhdəliklər turizm şirkəti tərəfində həyata keçirilmirsə, buna şirkət cavabdeh sayılır. Turizm şirkəti sığortanı öz üzərinə götürübsə, özü məsuliyyəti daşıyır".

 

Sığorta şirkətinin Partnyorluq Satışları Şöbəsinin rəisi Fərid Hacı isə bildirib ki, 7 ildən çoxdur, səfər sığortası Azərbaycandakı turizm şirkətləri vasitəsilə müştərilərə təqdim olunur. Hansısa turizm şirkətində səfər sığortası təqdim edilmirsə, fərdi şəkildə sığortadan istifadə edirlər. Turistlər  4-5 iləvvəl Avropa ölkələrinə səfər etmək üçün məcburi qaydada sığortalanırdılarsa, indi könüllü şəkildə müştərilər özü bunu istəyir. Turizm şirkəti tərəfindən sığortanın qiymətinə təsir edən bir sıra amillər var. Səfərin məqsədi, sığortalanan günlərin sayı, sığorta məbləği, müştərinin yaşı və gediləcək regiondan asılı olaraq sığortanın qiyməti dəyişir: "30 minlik sığorta paketinə ambulator, stasional müalicə və buna aid olan tibbi əməliyyatlar daxildir. Bundan əlavə, daşınma xərcləri, hətta vətəndaş xaricdə olarkən bir xəstəliyə tutulubsa, onun Azərbaycana gətirilməsi üçün xüsusi avadanlıq tələb olunur və yaxud xüsusi təyyarə tələb olunursa, bu da təbii ki, tibbi daşınma xərclərinə daxildir.  Bizim müştərilərdən hansısa xarici səfər zamanı vəfat edərsə, onları Azərbaycana gətirmək də bura daxildir. Səyahətin ləğv olunması, müştərinin özündən asılı olmayaraq, səfəri baş tutmursa və yaxud səfərə getmək imkanı olmursa, biz səfərlə bağlı çəkilən xərclərin ödənməsini də təmin edirik".

 

Müsahib deyir ki, bu hər sığorta şirkətində belə deyil, paketlərdən asılı olaraq, risklər də dəyişir. Yalnız o zaman turistə sığorta tərəfindən təminat verilir ki, səfəri zamanı qəfil xəstələnir, ya da bədbəxt hadisə baş verir.

 

Mütəxəssislərin də dediyindən aydın olur ki, turizm xidmətlərindən istifadə etmək qədər sığortalanmaq da vacibdir.

 

Almaz Qasımova, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132
avatar

Oxşar yazılar