Mayın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəmkirdə vətəndaşları qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Gəncə şəhəri, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarından 30-dək vətəndaş iştirak edib.
Nazirə müraciətlər əsas etibarilə yerlərdə müasir kitabxanaların yaradılması, tarixi abidələrin bərpası, sərhədyanı kəndlərində yeni mədəniyyət ocaqlarının açılması, mədəniyyət müəssisələrində ştatların artırılması, turizmin inkişaf etdirilməsi, habelə mədəniyyət işçilərinə fəxri adların verilməsi, işlə təminat və digər sosial məsələlərlə bağlı olub.
Nazir bütün xahiş, təklif və təşəbbüslərlə bağlı müvafiq tədbirlər görüləcəyini deyib: “Sevindirici haldır ki, bu gün vətəndaşlarımızın qaldırdığı məsələlər günün tələblərindən irəli gəlir. Bu isə onu göstərir ki, bölgələrimiz öz inkişaf dövrünü yaşayır, sakinlər mədəniyyət ocaqlarımızın müasir səviyyədə xidmət göstərməsini, yerlərdə turizmin daha da inkişaf etdirilməsini istəyirlər. Biz də nazirlik olaraq əsas diqqətimizi bu sahəyə yönəldirik ki, mövcud tələbləri qarşılayaq, əhaliyə yüksək səviyyəli mədəni xidmət göstərə bilək".
Şəmkirdə tolerantlıq mövzusunda, bölgənin alman abidələri və tarixi-mədəni irsi ilə bağlı beynəlxalq tədbirlərin təşkili barədə təşəbbüsü müsbət qarşılayan nazir bu məsələlərin nəzərdən keçiriləcəyini bildirib.
Nazir sosial məsələlərlə bağlı xahiş və müraciətlərə də baxılacağını, imkan daxilində onların həllinə köməklik göstəriləcəyini qeyd edib.
Qəbuldan sonra Ə. Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib.