Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" başlığı altında Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu keçiriləcək. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib. Forumun təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir.
Forumun keçirilməsində məqsəd müxtəlif ölkələrin elmi istiqamətlərinin nümayəndələri arasında əməkdaşlığın və partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır. Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda iştirak ilə bağlı dünyanın 96 ölkəsindən 1100 ərizə daxil olub. Azərbaycandan isə 250-dən çox ərizə qəbul edilib. Aparılan seçimin nəticələrinə əsasən, Forumda ümumilikdə 400-ə yaxın gənc alim iştirak edəcək.
Qeyd edək ki, Bakıda Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun keçirilməsi ilə bağlı ilk təklif 2013-cü ilin may ayında Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində keçirilmiş "Avropa məkanında yeni çağırışlar" Gənc Alimlərin Beynəlxalq Bakı Forumunda səsləndirilib.