Yevlaxda “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” adlı növbəti regional təqdimat keçirilib. Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Tədbirdə Yevlax, Tərtər, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Goranboy, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Zərdab, Naftalan və Xocalı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər. Təqdimat mərasimində çıxış edən DSMF-nın şöbə müdiri Famil Qədimov ölkə prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. Çoxsaylı pensiyaçı, sığortaolunan və sığortaedənlərə müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində DSMF öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və DSMF əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər həyata keçirməkdədir. DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. DSMF-nın elektron xidmətlərindən biri də “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”dir və hazırda sığortaedənlər bu elektron xidmətdən fəal şəkildə istifadə edirlər. Bu xidmət növü sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir.
Tədbirdə o da qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində həyata keçirilir. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərin onlayn ödənilməsi elektron xidmətindən 131653 istifadə sayı müəyyənləşdirilib. “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” adlı təqdimatla çıxış edən DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun əhaliyə göstərdiyi digər çoxsaylı elektron xidmətlər və onlardan istifadə qaydaları barədə də ətraflı məlumat verib.
Qeyd edilib ki, Fondun elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə fəaliyyəti bundan sonra da davam etdiriləcək.