Dövlət Sosial Müdafiə Fondu (DSMF) Qubada “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimat keçirib. Bu barədə Lent.az-a Fondun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Azərbaycanın şimal bölgəsini təmsil edən sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə təşkil olunan tədbirdə Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin hər biri barədə geniş məlumat verilib və slaydlar nümayiş olunub.
“Elektron hökümət” portalının statistikasına əsasən, DSMF-nın göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. Belə bir tədbir martın 7-də Qubada keçirilib.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçıların iştirak etdiyi “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimatda əvvəlcə DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov çıxış edib. O bildirib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 276 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığorta olunan barədə müvafiq məlumatlar toplanıb. Ötən il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökümət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb.