Fondun gəlirləri 2 milyarda çatır
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 milyard 977,9 mln. manat təşkil edib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu da cari ilin proqnoz göstəricisindən 37,3 mln. manat və ya 1,9 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 36,4 mln. manat və ya 3,4 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 12 faiz və ya 120,4 mln. manat artaraq, 1 milyard 120,8 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,3 faizi və ya 709,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 104,4 mln. manat və ya 17,3 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 15,2 faiz və ya 97,4 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 40,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 18,5 faiz artıb. Bu ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 411 mln. manat təşkil edib. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,9 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
2013-cü ilin yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 1 milyard 890,5 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 milyard 847,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 73,0 mln. manat və ya 4,1 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz və ya 70,6 mln. manat artaraq 1 milyard 803,5 mln. manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2013-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,1 faizlik (2012-ci ilin istehlak qiymətləri indeksinə uyğun), 1 sentyabrından isə baza hissəsinə 15 manatlıq artım tətbiq olunub. 2013-cü ilin yanvar-sentyabr aylarında əhaliyə 44,0 mln. manat məbləğində məcburi dövlət sosial sığorta haqqı hesabına müavinət ödənilib.