“İşləyənlərin sosial sığortaya cəlb olunması sahəsindəki problemləri əsasən 2 qrupa bölmək olar. Bunlardan birincisi işləyənlərin tam qeydiyyatının aparılması, ikincisi isə mövcud iş yerlərində çalışanlara ödənilən əmək haqlarının leqallaşdırılması ilə bağlıdır”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az-a müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib. Onun sözlərinə görə, qeyd olunan problemlərin həlli məqsədilə prezident tərəfindən ötən il konkret tapşırıqlar verilib və Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarla birlikdə həyata keçirdiyi tədbirlər nəticəsində 600 mindən çox şəxs əlavə qeydiyyata alınıb: “Bununla da sığortaolunanların sayı 2 milyon 630 min nəfəri ötüb. Lakin burada digər mühüm bir məqam da diqqətə alınmalıdır ki, xüsusilə əmək haqlarının tam leqallaşdırılması problemi daha çox işəgötürən və işçi arasındakı sövdələşmədən irəli gəlir və bazar iqtisadiyyatı şəraitində dövlətin buna inzibati müdaxilə imkanları geniş deyil. Məhz bu səbəbdən beynəlxalq təcrübədə problemin başlıca həlli yolu sığortaolunanların fərdi uçotu sisteminin inkişafı hesab edilir. Başqa sözlə, hər bir işləyən şəxs qəbul etməlidir ki, sosial sığorta haqqı onun əməyinin dəyərinin bir hissəsidir və işçi qüvvəsinin təkrar istehsalı, sosial risklərdən qorunması məqsədilə xüsusi fərdi hesabda toplanır, hər il indeksləşdirilərək artırılır. Ötən dövrdə Azərbaycanda aparılan islahatlarla fərdi uçota və təkmil pensiya alqoritminə əsaslanan belə bir sistemin qurulması uğurla təmin edilib”.
Fond sədri qeyd edib ki, müxtəlif təbliğat vasitələrindən istifadə, eləcə də Fondun internet səhifəsi vasitəsilə hər bir şəxsə öz fərdi hesabında toplanan pensiya kapitalı barədə məlumatı maneəsiz əldə etmək imkanının yaradılması bu prosesin mühüm tərkib hissəsidir: “Fikrimcə, bütün bunlar perspektivdə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətə təşviq edilməsini daha da gücləndirəcək”.