“Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidməti son yarım ildə üç dövlət konsepsiyası layihəsinin üzərində işləyib onları tamamlanmasını qeyd eləmək olar”. Lent.az-ın məlumatına görə, bunu dövlət müşaviri Kamal Abdulla bildirib. O qeyd edib ki, bu, "Azərbaycan Respublikasının milli münasibətlər konsepsiyası", "Azərbaycan Respublikasının din siyasəti konsepsiyası" və "Azərbaycan Respublikasının multikulturalizm konsepsiyası"nın layihələridir.
K. Abdulla bildirib ki, Bakı Slavyan Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə "Multikulturalizm" adlı elmi-metodik seminar yaradılıb. “Bu seminara digər ali məktəblərin elm və tədris mütəxəssisləri də qoşulurlar. Məqsəd çox vacib bir məqamla bağlıdır. Multikulturalizmin ayrıca bir fənn kimi tədris proqramını hazırlayıb universitetlərimizin bakalavriatura və magistratura pillələrində onun tədrisini təşkil etmək. Bu, Azərbaycan multikultural dəyərlərinin gənclərin ürəyinə, beyninə hopması, həyat tərzinin əsas komponentinə çevrilməsi işində son dərəcə önəmli bir məsələ olacaq. Təsəvvür edin: Azərbaycan ali məktəblərində "Multikulturalizm" adlı fənn tədris edilir. Bu, əsl multikultural nailiyyətdir”.
Dövlət müşavirinin sözlərinə görə, yaxın gələcəkdə "Azərbaycan multikulturalizmi" adlı xüsusi kurs hazırlayıb xarici ölkə universitetlərinin bakalavriatura və magistratura pilləsində tədris ediləcək. “Bunun üzərində artıq iş aparılır. Təsəvvür etmək çətin deyil ki, bu layihənin reallaşması nəticəsində xarici universitetlərdə "Azərbaycan multikulturalizmi" fənnini öyrənən gənclərin Azərbaycan, onun tarixi, mədəniyyəti, dili, adət-ənənələri, bu günü haqqında təsəvvürləri necə zənginləşəcək. Əslində, bu şəkildə onların Azərbaycanın dostlarına çevrilməsi prosesi başlayacaq”.