Baş nazir Artur Rasizadə “Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2009-cu il 21 may tarixli 84 nömrəli qərarını ləğv edib. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərar “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” ölkə prezidentinin 2014-cü il 24 noyabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə verilib. Qərara əsasən, “Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” NK-nın məlum qərarı (3-cü hissə istisna olmaqla) ləğv edilib.
Xatırladaq ki, həmin qərara əsasən, dövlət şəhərsalma-memarlıq nəzarətini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirdi.
Qərarın “Şəhərsalma qanunvericiliyinə riayət olunmasına və şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarət” adlı ləğv olunmayan 3-cü hissəsində aşağıdakılar nəzərdə tutulur:
Şəhərsalma qanunvericiliyinə və şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarətin aparılmasında məqsəd şəhərsalma qanunvericiliyinin pozulması hallarının qarşısını almaq, şəhərsalma fəaliyyətinin təsdiq edilmiş şəhərsalma sənədlərinə uyğun həyata keçirilməsinə, bu sahədə pozuntuları və çatışmazlıqları vaxtında aşkar etmək, yerli icra hakimiyyətlərinin memarlıq xidmətlərindən bu pozuntuların və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə tədbirlər görməyi tələb etmək və ya öz səlahiyyətləri daxilində digər tədbirlər görməkdir. Şəhərsalma qanunvericiliyinə və şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarət yerlərdə 3 ildən gec olmayaraq, araşdırmalar aparmaq vasitəsilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda Komitə tərəfindən həyata keçirilən araşdırmalara müvafiq dövlət və yerli idarəetmə orqanlarının nümayəndələri cəlb edilir.
Araşdırma zamanı Komitənin nümayəndəsi baxılmaq üçün aşağıdakı sənədləri yerli icra hakimiyyətinin və özünüidarəetmə orqanlarının memarlıq xidmətlərindən tələb edə bilər:
obyektlərin yerləşdirilməsinin şəhərsalma əsaslandırılmasını (müvafiq şəhərsalma sənədləri olmadıqda);
torpaqayırma sənədlərini;
inşaat pasportlarını;
layihə sənədlərini.
Araşdırma zamanı aşağıdakılara əməl olunması müəyyən edilir:
şəhərsalma fəaliyyətinin şəhərsalma qanunvericiliyinə uyğun həyata keçirilməsi;
təsdiq edilmiş şəhərsalma sənədlərinə əməl edilməsi;
təsdiq edilmiş şəhərsalma sənədləri olmadıqda və ya təsdiq edilmiş şəhərsalma sənədlərində dəyişikliklər edilməklə, obyektlərin yerləşdirilməsinin şəhərsalma əsaslandırılmasının mövcud qaydalara uyğun həyata keçirilməsi.
Araşdırma zamanı inzibati hüquq pozuntusuna yol verilməsi aşkar edildiyi hallarda qanunda nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib olunur və müvafiq qərar qəbul edilir. Mövcud şəhərsalma norma və qaydalarının tələblərinin, həmçinin şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə, icrası məcburi olan tapşırıq verilir.