Beynəlxalq Miqrasiya Təşkilatı “İnsan alverinə qarşı mübarizə aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Milli QHT Forumu ilə birgə “İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramların hazırlanmasına beynəlxalq dəstək” mövzusunda Dəyirmi Masa keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatının proqram direktoru Səltənət Məmmədova Dəyirmi Masada uşaqların baxımsızlığına şərait yaradan səbəb və hallar, onların aşkar edilməsi və aradan qaldırılması məsələlərinin müzakirə olunacağını söyləyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Dövlət Komitəsinin fəaliyyətində beynəlxalq təşkilatlarla və QHT-lərlə əməkdaşlığa önəm verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı mühüm dövlət proqramları həyata keçirilir. Bu da uşaqlarla bağlı problemlərin həllində vacibdir.
Sofiyeva Dövlət Komitəsinin uşaqların hüquqlarının müdafiəsi ilə bağlı sosial çarxlar hazırlandığını və KİV-lərdə yayımlandığını nəzərə çatdırıb. O, küçə uşaqları ilə bağlı Dövlət Komitəsinin UNİCEF-lə birlikdə iş apardığını və təkliflər paketinin hazırlandığını söyləyib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bildirib ki, QHT-lərlə əməkdaşlıq nəticəsində Azərbaycanda da ciddi problemlər olduğu məlum olub. Bu kimi tədbirlərin davam etməsini zəruri sayan Serhan Aktoprak bildirib ki, biz konkret fəaliyyətə keçməliyik. Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları və QHT-lərlə əməkdaşlığını davam etdirəcək”.
Azərbaycan Milli QHT Forumunun icraçı direktoru Günel İbrahim sosial çarxların cizgi filmi halına salınmasını təklif edib. O qeyd edib ki, uşaqların cizgi filmləri personajlarına bənzəməyə çalışmaları da sirr deyil və bu məqam nəzərə alınmalıdır.