2014-cü ilin yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, yanvar ayında satılan kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 0,5 və 2,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.
Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2 faiz, kartof 1,0 faiz, baş soğan 4,3 faiz, baş sarımsaq 0,1 faiz, yerkökü 5,5 faiz, xiyar 3,3 faiz, pomidor 1,0 faiz, göyərtilər 0,4 faiz, quru ot 1,4 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri isə 0,9 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 0,2 və 3,4 faiz ucuzlaşıb, xurmanın istehsalçı qiymətləri 9,1 faiz, narın 3,6 faiz, heyvanın 4,7 faiz, naringinin 2,6 faiz, fındığın 9,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 1,8 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,1 və 0,2 faiz, yumurtanın istehsalçı qiymətləri 3,3 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,1 faiz, camışın 1,3 faiz, südün 0,2 faiz, quş ətinin (diri çəkidə) 4,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşıb.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,4 faiz bahalaşma müşahidə olunub.