Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ötən il ərzində elmi kadrların hazırlanması istiqamətində görülən işləri açıqlayıb.
AMEA-dan APA-ya verilən xəbərə görə, akademiyada həyata keçirilən islahatların mühüm bir istiqaməti elmi fəaliyyətin əsas resursları olan yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlıdır.
Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Elmlər Akademiyası üzrə 2013-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə 205 nəfər, elmlər doktoru hazırlığı üzrə 72 nəfər, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 nəfər, elmlər doktoru hazırlığı üzrə 116 nəfər qəbul planı təsdiq edilib. Nəticədə müvəffəqiyyətlə imtahanları vermiş 199 nəfər doktoranturaya qəbul olunub. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 231 nəfərin qəbulu planlaşdırılıb.
Respublika prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” müvafiq sərəncamının icrası ilə əlaqədar 2013-cü ildə AMEA-nın altı nəfər gənc alimi Avropanın elmi mərkəzlərinə göndərilib.