Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun iclası keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib ki, institutun nəzdində “Müasir Azərbaycan dili”, “Nəzəri dilçilik”, “Tətbiqi və eksperimental dilçilik”, “Türk dilləri”, “Hind-Avropa dilçiliyi”, “Dil əlaqələri”, “Qədim dillər”, “Müasir Azərbaycan dilində gedən proseslər”, “Şərq, Qafqaz və aborigenlər”, “Kommunitiv və semionitiv” şöbələrinin yaradılması nəzərdə tutulub: “Bu şöbələr axırıncı variant deyil, sadəcə ilkin təklifdir və şərti xarakter daşıyır. Hazırda institutda 10 şöbə fəaliyyət göstərir. Yeni şöbələr isə əvvəlkiləri təkmilləşdirmək məqsədilə yaradılır”.
F. Veysəlli bildirib ki, son illər Dilçilik İnstitutunun maddi-texniki bazası möhkəmləndirilib və bu istiqamətdə işlər gedir.