Təhsil naziri Mikayıl Cabbarov “Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi barədə” əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmr dərslik müəlliflərinin hüquqlarının qorunmasını və müasir tələblərə cavab verən dərsliklərin hazırlanması üçün onların yaradıcılığa həvəsləndirilməsini, eyni zamanda dərslik yazılması fəaliyyətinin təşviqini təmin etmək məqsədlərinə xidmət edir.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin müvafiq müddəalarına uyğun olaraq əmrdə dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin müvafiq hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsinin təmin edilməsi nəzərdə tutulub. Həmçinin, müvafiq gəlirin digər hissəsinin dərsliklərin yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması qərara alınıb.